“Whatsapp”da yayılan mesajlar artıq həyatımızın bir parçasına çevrilib. Demək olar ki, hər gün müxtəlif səpkidə toplu halında yayılan mesajlar qısa bir zamanda bütün ölkə hüdudlarını əhatə etməklə yanaşı, xaricdə yaşayan soydaşlarımıza qədər gedib çıxır. Xüsusilə də, əlamətdar günlər zamanı belə halların sayı daha da artır.
İnsanların qısa zamanda paylaşaraq ictimailəşdirdiyi bu yazılar və ya səslər bəzən çox ciddi təşvişə səbəb olur. Bu üsuldan çox vaxt reklam şirkətləri və ya özünü reklam etmək istəyən müəssisələr istifadə edirlər.
Çox zaman isə bu kimi hallar dezinformasiyaların yayılmasına səbəb olur ki, bu da sosial həyatda insanların gündəlik yaşamına müəyyən mənfi təsirlərə səbəb olur. Bir müddət əvvəl Bakıda orta məktəblərin birində baş vermiş bibər qazı zəhərlənməsini də buna misal göstərmək olar. Belə ki, “Whatsapp” üzərindən yayılmış dezinformasiya o qədər ciddi qarşılanır və təşvişə səbəb olur ki, valideynlər övladlarını məktəbə yollayarkən təhlükəsizliklərini təmin edə bilmələri üçün onlara bibər qazı verirlər. Bu da bir müddət sonra ani ehtiyatsızlıqdan ciddi fəsadlar doğura bilir. Məsələn, sonuncu olayda olduğu kimi bibər qazından zəhərlənmə hadisəsi qeydə alınır.
Belə olan halda “Whatsapp” üzərindən dezinformasiya xarakterli yazıların paylaşılmaması labüd bir hal kimi ortaya çıxır.
Yenicag.az olaraq mövcud qanunvericilikdə bununla bağlı hansı tədbirlərin nəzərdə tutulduğu və ya qanunda hansı dəyişikliklərin edilə biləcəyilə maraqlandıq. Sualımızı ekspert, Mətbuat Şurası İH üzvü Azər Həsrət cavablayıb:
“Biz informasiya yayımının sərbəst olduğu bir ölkədə yaşayırıq. Ona görə də bununla bağlı hər hansı konkret qadağa yoxdur. Hər bir vətəndaş istənilən vasitə ilə informasiyanı toplaya və ya yaya bilər. Əgər qanunlar pozulmursa, kiminsə şərəf və ləyaqətinə toxunulmursa, dezinformasiya yayılmır və böhtan atılmırsa, bu zaman heç bir tədbir görülmür. Amma, yalan informasiyalardan söhbət gedirsə, bu zaman dövlət qurumları lazımi tədbirlər görürlər. Problem ondadır ki, bir çox hallarda həmin saxta məlumatları yayan mənbələri tapmaq mümkün olmur. Çox zaman həmin mənbələr ölkə sərhədlərindən kənarda olur. Bu səbəbdən də bəzən dezinformasiyaların kökünü tapıb zərərsizləşdirmək mümkünsüz olur.
Ona görə də burada məsuliyyəti tək dövlət qurumlarının üzərinə atmaq lazım deyil. Onlar öz işlərini görəcəklər. Sadəcə insanlar da belə situasiyalarda mümkün qədər diqqətli olmalıdırlar. Tanımadıqları şəxslərdən gələn informasiyaların nə məqsədlə yollana biləcəyini analiz etməlidirlər. Daxil olan məlumatı əvvəlcə araşdırıb, daha sonra yaymaq lazımdır.
O ki qaldı belə informasiyaların yayılmasına qarşı qanuni tədbirlərin görülməsinə, onsuzda dövlətin yalan və panika yaratmaq məqsədiylə yayılan xəbərlərə qarşı qanuni tədbirləri var. Bu cür hallara yol verən şəxslərə qarşı maddi cəzalardan tutmuş bir neçə ilə qədər həbs cəzası nəzərdə tutulub. Amma mənbəyi bəlli olmayan informasiyanı yayanlara qarşı belə ciddi tədbirlər görmək mümkünsüz olduğu üçün, insanlar özləri daha diqqətli olub, onlara gələn bütün məlumatlara inanmamalıdırlar. Qeyd edim ki, dezinformasiya, böhtan və bu cür digər xəbərlərin yayılmasına qarşı qanunda müəyyən dəyişikliklərin edilməsi yaxın gələcək üçün nəzərdə tutulmayıb”.
Orta məktəbdə baş verən bibər qazı zəhərlənməsinə də münasibət bildirən Azər Həsrət: “Uşaqların oğurlanması barədə yayılan bütün məlumatlar dünən DİN tərəfindən araşdırıldı və təkzib edildi. Amma hələ də bəzi insanlar var ki, rəsmi mənbələri bir kənara qoyaraq dezinformasiyalara inanmağa davam edir. Bunun da fəsadlarını orta məktəbdə baş verən hadisə ilə gördük. Bunlar cəmiyyətdə çaxnaşma yaratmaq məqsədilə yayılan xəbərlərdir. Bunlara inanmaq lazım deyil. Ancaq rəsmi qurumların açıqlamalarını izləyib, ona uyğun davranmaq gərəkdir”.
Həşim Səhrablı
www.yenicag.az