“Tələbə ixtisas seçimində diqqətli olmalıdır ki, daha sonrada transfer etmək məcburiyyətində qalmasın”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında tələbə köçürülmələrinin müsbət və mənfi tərəfləri haqda danışan təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu deyib.
Onun sözlərinə görə, transfer yəni, tələbələrin bir təhsil müəssisəsindən digərinə köçürülməsi yaxşı hal deyil.
“Çünki transferdə bir neçə mənfi hal var. Məsələn, bir tələbə fizika ixtisasına qəbul olmaq istədiyi halda, kodlaşmada səhvən riyaziyyat müəllimliyinin dövlət sifarişli, yəni pulsuzuna daxil olub, lakin eyni ixtisasa köçürülmə istisna olmaqla, fərqli ixtisas üzrə oxuduqda mütləq ödənişli əsaslarla təhsil almalıdır. Yaxud da subbakalvr kimi universitetə qəbul olanlar da köçürülmə edə bilmir, yalnız həmin ali təhsil müəssisəsində oxumaq şərti ilə ixtisası əyanidirsə, onu qiyabiyə çevirə bilir”, – deyə o əlavə edib.
R.Fikrətoğlu qeyd edib ki, digər bir məsələ isə köçürülmədə bal uyğunluğu olmasıdır:
“Məsələn, əgər bir tələbə 300 balla universitetə daxil olub, lakin istədiyiniz ixtisas 301 bal olsa belə, həmin ixtisasa transfer edə bilmir. Transferdə tələbəyə həmişə müsbət cavab da gəlməyə bilər. Düzdür, tələbə bütün tələbləri ödəsə də, müsbət cavab gəlməmə ehtimalı da var. Köçürülmənin bir üstünlüyü ondadır ki, yaşayış yerinə görə olunan transferdir. Məsələn, bir xanım tələbə Gəncə də təhsil alır, ailə həyatı qurur Zaqatala şəhərinə köçür. Əgər burada ixtisası uyğun gələrsə ailə həyatı ilə bağlı köçürülməni həyata keçirə bilir. Əslində, bu hal yaxşı haldır. Qalan hallarda isə fikrimcə, transfer etmək tələbələrin ziyanınadır”.
Mütəxəssis əlavə edib ki, transferə məruz qalmamaq üçün vaxtında düzgün ixtisas seçmək və həmin ixtisasa qəbul olmaq lazımdır ki, daha sonradan köçürülmə məcburiyyətində qalmayasan:
“Tələbə niyə sevmədiyi ixtisasa qəbul olsun? Niyə ümumiyyətlə tələbə ixtisas seçimi edərkən sevmədiyi ixtisası yazaraq, səhvə yol verməlidir? Transfer etdikdə digər bir problem isə kəsrlə bağlı olur. Başqa bir ixtisasa köçürülmə edən zaman təbii ki, orada keçirilən fənlər oxuduğu ixtisasda keçirilmədiyi üçün kəsrlər yaranır. Bu da, əlbəttə, tələbənin ziyanınadır. Ona görə də, həmişə deyirik ki, ixtisas seçimi çox önəmlidir. Tələbə ixtisas seçimində diqqətli olmalıdır ki, daha sonrada transfer etmək məcburiyyətində qalmasın. Dediyim kimi, yalnız bir halı-yaşayış yerinə görə köçürülməni çıxmaq şərti ilə transfer avantaj sayılmamalıdır. Tələbə səhv seçim edibsə, transferlə müəyyən qədər onu bərpa edə bilir, lakin bu, xəstə insanın müalicəyə getdikdən sonra sağalmasına bənzəyir. Yəni sonra həmin “xəstəliyin” izi, ağrıları, əziyyəti qalır. Transfer sanki belə bir şeydir”.
İsmayıl Bakuvi
www.yenicag.az