Azərbaycan mediası sülh quruculuğunda rolunu yüksək səviyyədə icra edəcək - RƏY
“Azərbaycan mediası ilə vətəndaş cəmiyyəti bu rolu da yüksək səviyyədə icra edə biləcəklər”.
Bunu Yenicag.az-a açıqlamasında əməkdar jurnalist, Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli Qərbi Azərbaycana qayıdış prosesi, həmçinin sülh quruculuğu dövründə medianın fəaliyyəti barədə fikirlərini səsləndirərkən deyib.

O bildirib ki, istər İkinci Qarabağ müharibəsi dövründə, istərsə də ümumilikdə indiyədək Azərbaycanın məruz qaldığı dezinformasiyaların qarşısının alınmasında Azərbaycan jurnalistləri böyük rol oynayıblar və ölkəmizə qarşı aparılan informasiya müharibəsinin iflasa uğradıblar:
“Bu fəaliyyət bir daha göstərdi ki, Azərbaycan jurnalistikası proseslərdə kifayət qədər peşəkar fəaliyyət göstərə bilir. Azərbaycan jurnalistikası peşəkarlığı ilə yanaşı, yüksək vətənpərvərlik ruhuna da malik olub ölkəmizi layiqincə təmsil edir.
Müharibədən sonrakı dövrdə sülh quruculuğu prosesi həyata keçiriləcəksə və həmin prosesdə medianın iştirakı vacib hesab olunacaqsa əminəm ki, Azərbaycan jurnalistləri yenə də kifayət qədər peşəkar fəaliyyət göstərə biləcəklər”.
Onun sözlərinə görə, qəbul olunmuş beynəlxalq prinsiplərə əsasən media sülh quruculuğu prosesində mühüm rola malikdir:
“Əgər Azərbaycan tərəfindən qərar verilərsə ki, vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları və o cümlədən media sülh quruculuğu prosesində iştirak etsin, bu zaman Azərbaycan mediası həmin rolu layiqincə icra edə biləcək.
Bütün bunlar üçün bir daha qeyd etmək istəyirəm ki, dövlətin qərarı vacibdir. Azərbaycan Prezidenti, ölkənin siyasi rəhbərliyi və diplomatiyası Azərbaycanı kifayət qədər layiqincə təmsil edir. Onlar hansı mərhələdə zərurət duyarlarsa ki, Azərbaycan mediası və vətəndaş cəmiyyətinin bu məsələlərdə roluna ehtiyac var, Azərbaycan mediası da daxil olmaqla, vətəndaş cəmiyyəti institutları bu rolu da yüksək səviyyədə icra edə biləcəklər. Azərbaycan mediasının həm peşəkarlığı, həm də potensialı kifayət qədər yüksək səviyyədədir”, – deyə o bildirib.
Nəsimi Ələsgərli












