Azərbaycan TIR-ları Ermənistan ərazisindən təhlükəsiz KEÇƏ BİLƏCƏKMİ?
“Azərbaycan TIR-larının Ermənistan ərazisində keçidi zamanı təhlükəsizlik təminatına hazırda nə qədər etibar edə biləcəyimiz sual altındadır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Turan Rzayev Ermənistan baş naziri Nikol Paşinyanın “Rusiya Azərbaycan vasitəsilə Ermənistana yükdaşımaları həyata keçirə biləcək” açıqlamasını şərh edərkən deyib.

Politoloq hesab edir ki, indiki məqamda Azərbaycan yükdaşıyanlarının Ermənistan ərazisində təhlükəsizliyinin qorunması sual altındadır:
“Ümumiyyətlə regional kommunikasiyaların açılmasından sonra Ermənistandan Azərbaycana və ya bu ərazilərdən istifadə edib ikinci, üçüncü ölkələrə yük daşımaların həyata keçirilməsi prinsipcə mümkündür. Regional kommunikasiyaların açılması hər halda təhlükəsizlik təminatı fonunda baş verəcək. Burda məsələ daşınmadan getmir. Daşınmaya qalsa hal-hazırda da infrastruktur əlverişlidir. Burda əsas məsələ həmin daşımaların təhlükəsizlik təmini məsələsidir. Məsələn, Azərbaycanda erməni TIR-ına qarşı hücum edilməyəcəyini çox rahatlıqla deyə bilərik amma Ermənistanda Azərbaycan TIR-larının yandırılmayacağına, saxlanılmayacağına indiki məqamda təminat varmı? Yoxdur. Problem də məhz bundan ibarətdir”.
Rzayev sülhün tam əldə edilməsindən sonrakı prosesdə bu suallara aydınlıq gələcəyini ümid edir:
“Bütün hallarda sülh əldə ediləndən və kommunikasiya xəttləri açılandan və etimad mühitinin bərpasından sonra yəqin ki, bu daşımalar da olacaq. Belə ola bilər ki, daşımaların həcmi məsələsi müzakirə edilsin. İlkin etapda yəqin ki, daşımaların həcmi böyük olmaz amma tədricən və zamanla bu məsələdə də irəliləyişin əldə edilməsinin şahidi ola bilərik”.
Nurlan Cəfəri












