Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti tərəfindən “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda edilən dəyişikliyə əsasən ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb olunacaq.
Buna müvafiq olaraq 15 sentyabrdan etibarən Azərbaycanda məktəb və ali təhsil müəssisələrində dərslərin ənənəvi formada keçirilməsi planlaşdırılır.
Ancaq ölkədəki ali təhsil müəssisələri tərəfindən tələbələrə vaksin vurdurmaları, peyvənd olunmayacaqları təqdirdə isə akademik məzuniyyət götürmələri ilə bağlı təzyiqlər göstərilir.
Məsələnin hüquqi tərəfini öyrənmək üçün Yenicag.az olaraq hüquqşünas İsmayıl Kəngərli ilə əlaqə saxladıq.
Hüquqşünas sözügedən tələblərin məcburilik konteksində hüquq pozuntusu olmadığını bildirib:
“Bu, təhsilalma hüququnun pozulması deyil. Çünki bəzi hüquqlar var ki, digərlərinin hüquqları ilə məhdudlaşdırılır. Əgər vaksinləşmə digər insanlar, tələbələrin sağlamlığına təhlükə yaradırsa, onları gələcəkdə ölümlə üz-üzə qoya bilərsə, bu məhdudlaşdırma hüquq pozuntusu deyil. Bir çox dövlətlər, həmçinin Azərbaycan da bu addımı atıb.
Bu kimi məsələlərdə ilk görünən odur ki, insanların hüquqları məhdudlaşdırılır. Əslində, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna görə dövlət öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Koronavirus pandemiyasının aradan qaldırılmasının yeganə yolu hələlik vaksinləşmə olduğu üçün dövlət də bu kimi məhdudlaşdırma tətbiqlərinə əl atır”.
İsmayıl Kəngərli tələbələrin dərslərin keçirilmə formasını özlərinin seçə biləcəyini və ali təhsil müəssisələrinin də buna şərait yaratmalı olduğunu qeyd edib:
“Təhsil almaq istəyən, lakin vaksin vurdurmaq istəməyən şəxslər alternativ yollarla, məsələn, onlayn qaydada təhsil ala bilərlər. Burada seçim azadlığı var”.
Aqil Bəkir
www.yenicag.az