Litva Rusiya ilə sərhədə “əjdaha dişləri” düzdü
Litva Baltik dənizi sahilində yerləşən Rusiyaya məxsus Kalininqrad anklavı ilə sərhəddə “əjdaha dişləri” adlanan tank əleyhinə baryerlərin quraşdırılmasını başa çatdırıb.
Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilib ki, bu addım Rusiyanın mümkün təcavüzünün qarşısını almaq məqsədilə həyata keçirilən müdafiə tədbirlərinin son mərhələsidir.
Litva ordusunun komandanı Raimundas Vaiksnoras deyib:
“Biz taktiki səviyyədən başlayırıq, yəni sərhəddə müəyyən maneələrlə. Sonradan bütün mühəndislik planını vahid sistemə inteqrasiya edəcəyik.”
Litva, Latviya və Estoniya NATO üzvüdür və Rusiyayla sərhədi bölüşür. Bundan əlavə, Litva və Latviya Belarusla da qonşudur. 2022-ci ildə Ukraynada müharibə başladıqdan sonra Baltik ölkələri Rusiya tərəfindən mümkün işğal riskinə qarşı hazırlıqlarını artırıb.
Məlumata görə, Litva ordusu Rusiyaya bağlanan istifadəsiz yolların işğal məqsədilə istifadəsinin qarşısını almağa çalışır. Həmçinin Belarus sərhədində yerləşən Sumskas, Lavoriski, Raigardas, Latezeris və Kalininqrada açılan Romaniskes keçid məntəqələrinə əlavə baryerlər qurulub.
Qeyd edək ki, iyul ayında Latviya da Rusiya sərhədinə beton tank əleyhinə piramidalar yerləşdirdiyini açıqlamışdı.