Bakı və Kiyev arasında MÜHÜM TƏRƏFDAŞLIQ – Moskvanı şoka salan O RAZILIQ
“Ukrayna ilə strateji tərəfdaşlığın artan tempdə inkişafını Rusiyaya hər hansı sətiraltı mesajı hesab etmək olmaz”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli bildirib.
Politoloq Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyevin Ukraynanın Azərbaycanla strateji tərəfdaşlığını gücləndirməsi ilə bağlı razılığa gəlməsi haqqında açıqlamasını şərh edib.
Onun sözlərinə görə, ümumiyyətlə, Azərbaycan təkcə Ukrayna ilə yox, bir çox dost ölkələrlə daim isti əməkdaşlıq münasibətləri qurub:
“Bu münasibətlər bəzən daha da irəliyə gedərək strateji tərəfdaşlıq səviyyəsinə gəlib çatıb. Ukrayna ilə də Azərbaycanın münasibətləri daim yüksələn xətt üzrə inkişaf edib. Xüsusilə də Rusiyanın Ukraynaya hərbi əməliyyatlar həyata keçirməsi zamanı da Azərbaycan daim xoş niyyətini ortaya qoyub. Azərbaycan müharibənin dayandırılması ilə bağlı öz səylərini sərgiləyib və Ukraynaya müharibə başlayandan bu günə qədər humanitar yardımlar, o cümlədən ərzaq, tibb ləvazimatları, yanacaq və digər yardımları dayandırmayıb”.
S. Kərimli Ukrayna ilə strateji tərəfdaşlığın gücləndirilməsinin Rusiyaya Azərbaycan tərəfindən hər hansı mesaj verilməyə çalışdığı barədə iddiaların mümkünsüz olduğunu bildirib:
“Ukraynanın Azərbaycanla strateji tərəfdaşlığı daha da gücləndirməsi, ilk növbədə, dövlətlərarası münasibətdir. Hesab edirəm ki, burda Rusiyaya yönəlik heç bir addım yoxdur. Azərbaycan müstəqil ölkədir, milli və dövlətçilik maraqlarına uyğun, daim praqmatik siyasət həyata keçirir. Azərbaycanın müstəqil siyasətindən irəli gələrək istədiyi ölkə ilə əməkdaşlığı strateji tərəfdaşlığa qədər gücləndirə bilər. Rusiya ilə bu gün Azərbaycanın münasibətlərində müəyyən soyuqluq, gərginlik var və bu mənada Azərbaycanın Ukraynaya daha da yaxınlaşması, əlbəttə, müəyyən siqnallardır Rusiya üçün. Eyni zamanda burda hər hansı məqsəd də yoxdur deyə düşünürəm”.
Sonda analitik bəyan edib ki, Ukrayna ilə tərəfdaşlığın gücləndirilməsi heç də Rusiyaya yönəlik bir addım deyil:
“Təbii ki, burada müəyyən sətiraltı və ya diplomatik çalarlar hiss edilir, amma yenə də qeyd etmək istərdim ki, Azərbaycan müstəqil ölkə kimi istədiyi ölkə ilə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qura bilər. Bu addım atılarsa, bu Rusiya tərəfini müəyyən qədər qıcıqlandıra bilər. Çünki Rusiyada bu gün dövlət tərəfindən idarə olunan media qurumları, müxtəlif ictimai-siyasi xadimlər Azərbaycana qarşı qərəzli kampaniya həyata keçirir, Azərbaycana qarşı hücum kampaniyası yürüdülür. Bu da təəssüf doğurur və hiddətlə qarşılanır. Bu baxımdan, yaxşı olar ki, Rusiya tərəfindən Azərbaycana qarşı həyata keçirilən bu ədalətsiz kampaniya dayandırılsın və Azərbaycanın müstəqil atdığı addımlar real və normal qiymətləndirilsin”.
Nurlan Cəfəri