ABŞ-yə sui-qəsd PLANI – Trampdan rezonans doğuran İDDİA
“Belə müzakirələri də təkcə sözügedən üç dövlət aparmır”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Abutalıb Səmədov deyib.
O, ABŞ prezidenti Donald Trampın “Çin sədri Si Cinpin, Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen İn ABŞ-yə qarşı sui-qəsd hazırlayırlar” bəyanatını şərh edib.
Politoloq bildirib ki, ABŞ Çini özünün əsas rəqibi hesab etdiyinə görə onun inkişafının qarşısını almaq üçün əlindən gələni edir:
“Çin Tayvanı özünə birləşdirmək istəyir. Əgər diplomatik vasitələrlə bu mümkün olmazsa, Çin hərbi vasitələrə əl atmağı da seçə bilər. Belə reallıq isə ABŞ-nin maraqlarının tamamilə əksinədir. Həm Çinin iqtisadi inkişafının, həm də onun Tayvanı hərbi yolla birləşdirməsinin qarşısını almaq məqsədilə ABŞ, Rusiya ilə yaxınlaşmağa və onu Çindən mümkün qədər uzaqlaşdırmaq istəyir”.
“İki nüvə silahına malik dövlət rəhbəri ilə Çin sədrinin yan-yana dayanması yalnız ABŞ-də deyil, eyni zamanda bütün dünyada ciddi narahatlıqla qarşılanır. Bu gün dünyanı nüvə silahı ilə hədələyən iki dövlət var, Rusiya və Şimali Koreya. Onların bir yerdə olması və bir-birinə dəstək verməsi ciddi narahatlıq doğurmaya bilməzdi”, – deyə o, əlavə edib.
“Görünür Tramp da belə bəyanat səsləndirərkən həmin məsələləri nəzərdə tutur. Lakin ABŞ-yə qarşı hansısa sui-qəsd hazırlaya bilərlərmi? Tramp bunu dəqiqləşdirmək istəməyib. Çünki həmin dövlətlərin ABŞ-yə qarşı hansısa sui-qəsd planlaşdırması qeyri-mümkündür. Doğrudur, ABŞ-yə qarşı hansı addımlar ata biləcəkləri barədə müzakirə apara bilərlər. Lakin belə müzakirələri də təkcə sözügedən üç dövlət aparmır”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Nəsimi Ələsgərli