Tələbələrin tükənməyən PROBLEMLƏRİ – “Əl yandıran” evlər, yoxsa vaxta qənim olan uzaq məsafəli mənzillər?..

“Problem odur ki, ən ucuz kirayə evlərin qiyməti minimal əmək haqqına bərabərdir”.

Bunu sentyabrın 29-dan etibarən universitetlərdə dərslərin başlaması ilə əlaqədar olaraq Bakıya üz tutan tələbələrin ciblərinə uyğun kirayə ev tapmaqda çətinlik çəkmələri ilə bağlı problemə münasibət bildirən əmlak eksperti Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında deyib.

O, qeyd edib ki, kirayə ev tapmaqda əsas çətinliyi oğlan tələbələr yaşayır. Çünki əksər ev sahibləri mənzili qızlara rahatlıqla kirayələsə də, oğlanlara verməkdən imtina edirlər. Bu, tələbənin evsizlik probleminin həllinə mane olan səbəblərdən biridir:

““Leninqrad” və “stalinka” binalardakı mənzillər daha böyük olduğu üçün təxminən “xruşşov” layihəsinə nisbətdə 50-70 manat bahadır. Çünki bu evlərin satış qiyməti də digər evlərlə müqayisədə yüksəkdir. Birotaqlı “xruşşov” layihəli evin satış qiyməti 60 min manatdırsa, onun kirayə qiyməti təxminən 200 manat, ikiotaqlı evin qiyməti 80 min manatdırsa, kirayə qiyməti 400 manata yaxın olur.

Ümumilikdə Abşeron ərazisində, Bakı kəndlərində, Binəqədi, Xırdalan ərazilərində evlər şəhərə nisbətən ucuzdur. Həyət evlərində isə ev sahibi ilə bir həyətdə yaşamaq şərtiylə, 12-15 kvadratlıq mənzilin kirayəsi 100 manatdır. Girişi ayrı olan evdirsə, bu zaman qiymət 100-200 manat civarında dəyişir. Tələbələrin əksəriyyəti aylığı 200 manatdan yuxarı ev istəyirsə, artıq şəhərə üz tuturlar. Çünki şəhərdən kənarda yaşadıqda yol xərci və vaxt itkisi artıq olur”.

Gülşən Şərif