Tənzilə Rüstəmxanlı Türkmənistan Məclisinin nümayəndələri ilə görüş keçirdi - FOTO
Türkmənistana səfər çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, eyni zamanda Azərbaycan–Türkmənistan parlamentlərarası Dostluq Qrupunun rəhbəri Tənzilə Rüstəmxanlı Türkmənistan Məclisinin nümayəndələri ilə görüş keçirmişdir.

Yenicag.az xəbər verir ki, görüşdə Türkmənistan Məclisinin Elm, Təhsil, Mədəniyyət və Gənclər Siyasəti Komitəsinin sədri Bayramgözel Myratmuhammedovna Myradova, İnsan Hüquqları və Azadlıqlarının Müdafiəsi Komitəsinin üzvü Oğulmaral Qurbansəhedovna Xodjaeva, Beynəlxalq və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvü Şirin Seyitquliyevna Baymuradova, Türkmənistan Məclisinin deputatı, Beynəlxalq əlaqələr və parlamentlərarası komitənin üzvü Enejan Atayeva, eləcə də Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri, deputat Hicran Hüseynova iştirak etmişlər.

Görüş zamanı Azərbaycan–Türkmənistan parlamentlərarası əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri, qanunvericilik sahəsində təcrübə mübadiləsi, elm, təhsil, mədəniyyət və gənclər siyasəti, insan hüquqlarının müdafiəsi, beynəlxalq və parlamentlərarası əlaqələrin gücləndirilməsi mövzuları ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Xüsusilə qadınların cəmiyyətdəki rolu, onların ictimai-siyasi həyatda fəal iştirakı, qərar qəbuletmə proseslərində təmsilçiliyinin artırılması, qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təşviqi məsələləri müzakirələrin əsas istiqamətlərindən biri olmuşdur.
Qeyd olunmuşdur ki, keçirilən konfrans məhz qadınların cəmiyyətdə rolunun gücləndirilməsi mövzusuna həsr olunmuşdur. Bu çərçivədə parlamentlərarası əməkdaşlıq, qadın deputatların təcrübə mübadiləsi, eləcə də regional və beynəlxalq platformalarda birgə təşəbbüslərin əhəmiyyəti xüsusi vurğulanmışdır. Tərəflər bu sahədə əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd etmişlər.












