“Ter-Petrosyan Azərbaycanın tələblərini yerinə yetirməyə çağırır, Koçaryan isə indiki halda...” – ŞƏRH
“Ermənistan siyasiləri Azərbaycanla anlaşmanın şərtlərini və məsuliyyəti birgə qərar əsasında müəyyənləşdirmək istəyirlər”.
Bu fikirləri Ermənistanın sabiq prezidentləri Levon Ter-Petrosyan və Robert Koçaryanın son müsahibələrində səsləndirdikləri fikirlərin erməni ictimai rəyinə təsirini dəyərləndirən Erməni Araşdırma Mərkəzinin rəhbəri professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistanın siyasi elitasının Qərb və Rusiya ilə münasibət məsələsində mövqeləri ciddi şəkildə fərqlənir:
“Bildiyiniz kimi, Ermənistanın keçmiş prezidentləri Ter-Petrosyan və Koçaryan yerli mediaya müsahibələrində ölkənin düşdüyü vəziyyətdən çıxış yollarına dair mövqelərini bildiriblər.
Ter-Petrosyanın müsahibəsindən göründüyü qədər, o, mövcud reallığın qiymətləndirilərək Ermənistanın Azərbaycan və Türkiyə ilə anlaşmalı olduğunu bildirib. O, açıq şəkildə bəyan edib ki, bu anlaşma olmasa, Ermənistanın dövlətçiliyi təhlükə altına düşəcək.
Koçaryan da öz müsahibəsində Ermənistanın ağır vəziyyətdə olduğunu bəyan edib. Amma o bunu daha çox Paşinyanın Rusiyadan uzaqlaşmasının nəticəsi kimi təqdim edib. Rusiya ilə sıx bağlılığı olan Koçaryan hesab edir ki, hökumət Rusiya ilə münasibətləri təcili surətdə yoluna qoymalı və ağır vəziyyətdən çıxmaq üçün onun dəstəyindən yararlanmalıdır.
Ümumiyyətlə, Ermənistanda Rusiya ilə münasibətlərin qorunmasına tərəfdar olanlar ehtiyat edirlər ki, Moskva indiki durumda İrəvanı cəzalandırmaq fikrinə düşə bilər və bu fonda Azərbaycanın öz hərbi fəallığını artıracağından çox çəkinirlər.
Belə bir vəziyyətdə Ter-Petrosyanın təşəbbüsü ilə ölkənin keçmiş prezidentləri, həmçinin Qarabağdakı separatçı rejimin iki rəhbəri katolikos Qareginlə görüşüblər. Bu görüşlərin davamlı olması, hətta növbəti görüşlərin birinə Kilikiya katolikosu Aramın dəvət edilməsi də gözlənilir. Belə görünür ki, Ermənistan siyasiləri Azərbaycanla anlaşmanın şərtlərini, həm də məsuliyyəti birgə qərar əsasında müəyyənləşdirmək istəyirlər. Bunun alınıb-alınmaması haqda indidən nəsə demək çətindir”.
A.Zeynalov