Azercell “Global İnfluencer Day” tədbirinin GSM sponsorudur
Azərbaycan rabitə bazarının lider mobil operatoru “Azercell Telekom” MMC marketinq sahəsində trenddə olan ən aktual mövzuları müzakirə etmək üçün müxtəlif sahə ekspertləri, influenserlər (cəmiyyətdə təsir qabiliyyətinə malik şəxslər), sahə oyunçuları, brend və biznes sahiblərini bir araya gətirən “Global İnfluencer Day” tədbirinə dəstək verir. Azercell Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək “İnnovasiya həftəsi” çərçivəsində baş tutacaq “Global İnfluencer Day”-in GSM sponsoru kimi iştirak edir. 26 oktyabrda keçirilən tədbirin mətbuat konfransında sual-cavab sessiyası və fikir mübadiləsi aparılıb. “Azercell Telekom” MMC-in Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya öz çıxışında bu tədbirlərin insan həyatının asanlaşdırılmasına, onun keyfiyyətinin artırılmasına doğru atılan addımlardan olduğunu bildirib, süni intellekt, əşyaların interneti, big data, İKT-da sahibkarlıq və s. bu kimi anlayışları cəmiyyət üçün mümkün və daha yaxın edən insanlara və təşkilatlara uğurlar arzu edib. Şirkət və brend sahiblərinin öz məhsullarını təqdim etməsi üçün əlverişli platforma hesab edilən tədbir “Keepface İnfluencer” Marketinq Platformasının rəsmi dəstəyi ilə “FA İnternational Trade Events” şirkəti tərəfindən oktyabrın 27-28-də Bakıda keçiriləcək.
Ölkəmizdə ikinci dəfə təşkil olunacaq tədbirin məqsədi brendlərlə “influencer”ları bir araya gətirməkdir.
Microsoft, Google və İnstagram kimi nüfuzlu şirkətlərin nümayəndələrin, öz sahələrində mütəxəssis olan spikerlərin və uğurlu təşəbbüskarların iştirak edəcəyi tədbirdə rəqəmsal marketinqin yeni trendləri, sosial şəbəkə təsiri və “influencer marketing” kimi mövzular müzakirə olunacaq, təqdimatlar nümayiş etdiriləcək.Hamının səbirsizlik və maraqla gözlədiyi əsas çıxışçı süni intellekt sahibi, robot Sofia da tədbirdə çıxış edəcək. Tədbirin sonunda influenserlərin Mükafatlandırma Mərasimi olacaq. Mərasimdə münsiflər heyətinin seçdikləri influenserlər təşkilatçılar tərəfindən mükafatlandırılacaqlar.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.