ABŞ-da Obama administrasiyasının sabiq hüquqşünaslarının çalışdığı “Protect Democracy” təşkilatı, Suriyaya raket zərbəsinin endirilməsinə dair qərar verərkən, Tramp administrasiyasının nəyə əsaslandığının araşdırılması üçün məhkəməyə müraciət edib.
Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, təşkilat rəhbərliyi iddia edir ki, Suriyanın “Şayrat” aviabazasına raket zərbəsinin endirilməsindən bir aydan çox müddət keçməsinə baxmayaraq, prezident administrasiyası indiyədək bu cür addımın qanuniliyinə dair heç bir əsas gətirməyib. Belə ki, Ağ Evin addımı nə BMT Təhlükəsizlik Şurası, nə də ki ABŞ Konqresi ilə razılaşdırılmayıb.
“Bizim konstitusional demokratiyamızda icraedici hakimiyyətin hər hansı digər ölkəyə hücum etmək imkanları qanunla məhdudlaşdırılıb”, – deyə “Protect Democracy”-nin direktoru, Obama administrasiyasının sabiq hüquqşünası Castin Florens qeyd edib. İddiaçılar administrasiyadan Trampın raket zərbəsi endirməklə bağlı əmr vermə səlahiyyətinə dair daxili sənədlər təqdim etməyi tələb edirlər.
Qeyd edək ki, 2017-ci ilin aprelin 6-na keçən gecə Donald Tramp ABŞ Hərbi-Dəniz Qüvvələrinə Suriyanın “Şayrat” aviabazasına “Tomaqavk” tipli qanadlı raketlərlə zərbələr endirmək əmri verib.
Yeniçağ.Az