“Trampın iqtidarı dövründə ABŞ-nin Amerika qitəsindəki geosiyasi və geoiqtisadi maraqlarının təmin edilməsi, onun buradakı nüfuz dairəsinin qorunması ABŞ-nin xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edəcək. Bu mənada, Tramp zamanında ABŞ prezidenti olmuş Monronun doktrinasının ardıcıl şəkildə tətbiqinin tərəfdarı olaraq çıxış edəcək”.
Bu sözləri Yenicag.az-a açqılamasında politoloq Elşən Manafov deyib.
Siyasi təhlilçi ABŞ-nin 47-ci prezidenti seçilən Donald Trampın Azərbaycan və Cənubi Qafqazla bağlı siyasətini şərh edib.
Onun sözlərinə görə, bəllidir ki, hələ 1823-cü ildə bəyan edilmiş bu doktrina dünyanın qalan hissəsinə “Amerika amerikalılar üçündür” ismarışını verməklə qitədə nüfuz dairəsi uğrunda mübarizədə ABŞ-nin heç bir tərəfə güzəştə getməyəcəyini, regionu öz təsir dairəsində saxlayacağını elan etmişdi:
“Trampın Meksikadan olan qeyri-qanuni miqrant axınının qarşısının alınmasının zəruriliyi ilə bağlı səsləndirdiyi fikirlər və hələ birinci prezidentlik dövründə qəbul etdiyi qərarlar bunu təsdiq edir. Digər tərəfdən, Tramp ABŞ-nin Panama kanalı üzərində nəzarət hüququnu özünə qaytaracağı, habelə Kanada və Qrenlandiyanın ABŞ idarəçiliyi altına keçə biləcəyi ilə bağlı mövqeyini ortaya qoyub və heç nəyə baxmayaraq bu istiqamətdə ardıcıl siyasət yeridəcəyini bəyan edib. Bu isə perspektivdə qitənin digər bölgələri uğrunda ABŞ-nin həlledici qarşıdurmaya hazır olması ampluasında da qəbul oluna bilər. Kanada iqtisadiyyatına Çindən olan investisiyaların artması, Çinin isə ABŞ-ın iqtisadi-ticari anlamda əsas rəqibi olması baxımından Trampın burada qabaqlayıcı addımlar atmaq məcburiyyətində qaldığı şübhə doğurmur”.
E. Manafov əlavə edib ki, Tramp beynəlxalq arenada antiqlobalistlərin nümayəndəsidir:
“Bu kontekstdə onun hakimiyyəti dövründə transmilli korporasiyaların dünya iqtisadi proseslərinə təsir imkanlarının artacağı birmənalıdır. Tramp prezidentliyi dövründə ABŞ-nin nəhəng enerji resurslarından istifadə edəcəyi ilə bağlı mövqeyini ortaya qoymaqla dünya enerji tariflərinə ciddi təsir imkanlarına malik olacağına eyham edib və hətta dünya neft bazarında neftin bir bareli üçün qiymətlərin 40 dolları ötməyəcəyi ilə bağlı proqnozlar verib. Bu isə Azərbaycan kimi dünya enerji bazarına xam neft çıxaran dövlətlərin xeyrinə deyil. Təbii ki, bu sıraya Rusiya, Venesuela, İran və bəlli ərəb dövlətlərini də aid etmək olar. Lakin Trampın enerji təhlükəsizliyi ilə bağlı məsələləri də diqqət mərkəzində saxlayacağını nəzərə alsaq, təbii ki, Cənubi Qafqaz regionunda Azərbaycanla əməkdaşlıq hər iki tərəfin maraqlarına cavab verməklə regionda sülhə və sabitliyin bərqərar olmasına da töhfə verəcək”.
Siyasi şərhçinin fikrincə, artıq dünyada satış bazarları və nüfuz dairələrinin genişləndirilməsi uğrunda mübarizədə nəqliyyat qovşaqları və dəhlizləri iqtisadi mənfəətlə yanaşı, geosiyasi məzmun və əhəmiyyət kəsb etməyə başlayıb:
“Bu baxımdan, Azərbaycan nəqliyyat qovşaqlarının üzərində yerləşdiyindən ona müxtəlif geosiyasi güc mərkəzləri tərəfindən marağın əhəmiyyətli şəkildə artması göz qabağındadır. Rusiya və İranın, habelə digər dövlətlərin dəstəklədikləri Şimal-Cənub nəqliyyat dəhlizi, Çinin təşəbbüsü ilə ortaya qoyulmuş və 150-dən yuxarı dövlətin dəstəklədiyi “Bir kəmər, bir yol” layihəsi, nəhayət, qardaş Türkiyənin, habelə Qərbin və ABŞ-ın dəstəklədikləri Zəngəzur dəhlizlərinin rentabelliyi və perspektiv inkişafı rəsmi Bakının məlum layihələrə xoş məramı və münasibəti olmadan qeyri-mümkün sayılır. Odur ki, ABŞ Azərbaycanın İrana coğrafi yaxınlığı, habelə Mərkəzi Asiya ölkələrinə tranzit imkanlarının genişliyi ilə əlaqədar amillərdən çıxış edərək rəsmi Bakı ilə əməkdaşlıq münasibətlərinin genişləndirilməsində maraqlı olacaq.
Ümumilikdə, Trampın hakimiyyəti dövründə ABŞ-nin xarici siyasətinin məzmunu və mahiyyətində ciddi dəyişikliklər olacağı inandırıcı deyil. Bu dəyişikliklər olacaq, amma onlar daha çox forma dəyişiklikləri təsiri bağışlayacaq. Tramp Amerika dərin dövlətçiliyinin müəyyən etdiyi çərçivədən kənara çıxmaq istəyərsə və bu barədə onunla razılaşdırılmadan addımlar atarsa, sui-qəsd nəticəsində öldürülmüş Amerika prezidentlərinin aqibətini yaşamalıdır. Ancaq onun ilk gündən ABŞ bürokratik idarəetmə aparatını hədəfə götürməsi və gözlənilən kütləvi işdən çıxarmalar göstərir ki, o, ənənəvi idarəetmə axınına qarşı getmək fikrindədir. Trampın inauqurasiya zamanı əlini İncilə basmaması, onun məsuliyyətdən yayınma mövqeyi kimi anlaşılsa da, bu, oturuşmuş ənənələrdən kənar bir hərəkət təsiri bağışlayıb. Onun “Putinlə təhdid dilində danışmaq olmaz, bu onun mövqeyini daha da gücləndirə bilər” kimi açıqlaması göstərir ki, Tramp Rusiyanın səyləri ilə dünya nizamının idarə olunmasında baş verən dəyişikliklərin mahiyyətini dərk edir və siyasətini istəklər və arzular deyil, reallıqlar nəzərə alınaraq quracaq”.
Nəsimi Ələsgərli
www.yenicag.az