“Trampın bu gün atdığı addımlar münaqişələri söndürməyə yox, daha da alovlandırmağa xidmət edir”.
Bu fikri Trampın Qəzza ilə bağlı açıqladığı plan, Avropa və digər ölkələrdən buna etiraz, eləcə də gözlənilənləri Yenicag.az-a dəyərləndirən hərbi ekspert Şair Ramaldanov deyib.
O, bildirib ki, Trampın bu planı açıq-aşkar işğaldır:
“Azərbaycanda belə bir deyim var: gələn gedənə rəhmət oxudacaq. Bayden hökumətini prosesləri Üçüncü Dünya müharibəsinə aparır deyə ittiham, Trampın gəlişini isə sülh gətirəcək deyə şərh edirdilər. Tramp da seçkiqabağı sülhə bağlı müharibələri dayandıran bir şəxs kimi tarixə düşmək niyyətində olduğunu göstərirdi. Guya 24 saata Rusiya Ukrayna müharibəsini dayandıracaqdı. Bunlar hamısı seçkiqabağı təbliğat idi. Tramp sülhə öz prizmasından baxır və onun sülhə baxan prizması daha təhlükəli ola bilər. O, açıq-aydın siyasi işğal prinsipinə uyğun olaraq münasibətləri inkişaf etdirir”.
“Qrenlandiya, Panama, Kanadadan əlavə Yaxın Şərqdə Qəzza zolağındakı insanların başqa yerə köçürülməsi təklifi, ümumiyyətlə, onun işğala necə meylli olmasını göstərir. Siyasətçilər hansısa mədəniyyəti, etikanı qoruyur, ancaq bunlar Trampda yoxdur. Tramp özünü elə aparır ki, dünyada bundan güclüsü yoxdur və onun dediyi həyata keçməlidir. Trampın bu siyasəti həddindən artıq təhlükəlidir. Onun bu gün atdığı addımlar münaqişələri söndürməyə yox, daha da alovlanğa xidmət edir”, – deyə o, əlavə edib.
Ş. Ramaldanovun qənaətinə görə, İsrail Qəzzada törətdiklərinə görə Avropa ölkələri tərəfindən qınanılır:
“İsrail ABŞ-nin Yaxın Şərqdə maraqlarını icra edən bir ölkədir. Bu gün Trampın açıq-aydın Qəzza zolağının ABŞ-nin olması planı prinsip cəhətdən işğaldır. 2 milyondan çox insanın köçürülməsi, oranı tam dağıdıb yenidən ABŞ tərəfindən qurulması çağırışı çox təhlükəlidir. Avropa ölkələri və digər ölkələr haqlı olaraq buna etiraz edir. Rusiya-Ukrayna müharibəsinin arxasında da ABŞ durur. ABŞ-nin əsas hədəfi Rusiya deyildi, Avropanı çökdürmək idi. ABŞ istəmirdi ki, Avropa müstəqil olsun. Çünki Avropa öz ordusunu qurmaq niyyətində idi”.
“Avropada gedən proseslərdə ABŞ-nin mənfi təsirinin nəticələrini həm sosial, həm də siyasətində görürük. ABŞ Qəzzadan fələstinliləri, dolayısı ilə HƏMAS-ı köçürmək istəyir. Hansı ölkə onları öz ölkələrinə qəbul edər? Hətta parçalanmış halda belə heç bir ölkə bunu qəbul etməyəcək. Ona görə də təkcə Avropa, Çin yox, elə Yaxın Şərq ölkələri də ABŞ-nin bunun planına etiraz edəcək”, – deyə o, fikirlərini tamamlayıb.
Səxavət Məmməd
www.yenicag.az