Tramp–Zelenski görüşündən gözləntilər: Ukrayna üçün risklər artır - ŞƏRH
“Bu gün keçiriləcək Tramp–Zelenski görüşü Vaşinqton diplomatiyasının ən maraqlı epizodlarından birinə çevriləcək”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.
O bildirib ki, görüş öncəsi Zelenski əsas ümidini “Tomahawk” raketlərinin Ukraynaya verilməsinə bağlamışdı:
“Lakin Rusiya Prezidenti Vladimir Putinin Donald Trampa etdiyi telefon zəngi bu planları demək olar ki, alt-üst edib. Tramp indi daha ehtiyatlı, balanslı və Rusiya amilini nəzərə alan siyasət yürüdür. Bu isə Zelenskinin gözləntilərinə zərbə vurur. Macarıstanda baş tutacaq Tramp–Putin görüşü fonunda ABŞ liderinin ukraynalı həmkarı ilə bugünkü təmasları bir növ sınaq mərhələsidir. Tramp hazırda Ukraynaya yeni silah paketi vermək istəmir, çünki bu addım Rusiya ilə münasibətləri daha da gərginləşdirə bilər. O, məsələni Moskva ilə birbaşa dialoqda müzakirə etmək niyyətindədir. Bu taktika Trampın “vasitəçi lider” obrazını gücləndirir. Amma Zelenski üçün bu, açıq riskdir. Çünki ABŞ-nin silah yardımı dayandıqca, Ukraynanın döyüş qabiliyyəti zəifləyir”.
Ekspert bildirib ki, Putin bunu çox yaxşı anlayır və hər addımda Trampın tərəddüdündən istifadə etməyə çalışır:
“Tramp isə Ukraynanı tam itirmək istəmir, amma Moskvaya qarşı açıq cəbhə də açmaq niyyətində deyil. Bu, balans siyasətidir, fəqət Kiyevin zərərinə işləyir. “Tomahawk” raketlərinin verilməməsi Ukraynanın hava müdafiə sistemində ciddi boşluq yaradacaq. Bugünkü görüşdə Zelenski emosional, Tramp isə taktiki davranacaq. Əgər görüşdən sonra konkret qərar açıqlanmasa, bu, Putin üçün diplomatik qələbə demək olacaq. Tramp indi kartlarını Macarıstandakı görüş üçün saxlayır. Ona görə də bugünkü Zelenski ilə təmas bir nəticədən çox, Trampın Moskva öncəsi mövqeyini müəyyənləşdirəcək sınaq görüşüdür”.
Məlik Məlikov