Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyəti Türkiyənin yeni səfiri Birol Akgün ilə görüşüb.
Yenicag.az xəbər verir ki, görüş zamanı TÜİB sədri Hüseyin Büyükfırat cənab səfirə qurumun Türkiyə və Azərbaycan arasında iqtisadi, sosial və mədəni əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı fəaliyyət barədə ətraflı məlumat verib.
O TÜİB-in sahibkarlığın inkişafına dəstək verməklə yanaşı, iki qardaş ölkənin iş dünyasını bir araya gətirən platforma kimi çıxış etdiyini vurğulayıb.
Səfir Birol Akgün öz çıxışında Türkiyə və Azərbaycanın ortaq tarixi, mədəniyyəti və dəyərləri əsasında formalaşan strateji tərəfdaşlığın son illərdə dövlət başçılarının qətiyyətli iradəsi ilə daha da möhkəmləndiyini qeyd edib.
O bu münasibətlərin yalnız siyasi və iqtisadi sahələrdə deyil, bütövlükdə türk dünyası üçün də nümunə olduğunu bildirib. Cənab səfir iş adamlarının və qurumların bu strateji əməkdaşlığın dərinləşməsində mühüm rol oynadığını vurğulayaraq, Səfirlik olaraq sahibkarlarla yaxından əməkdaşlıq etməyə və onları dəstəkləməyə hazır olduqlarını ifadə edib.
Görüşün sonunda Birol Akgünə TÜİB-nin sosial layihəsi olan “Cocuq Mərcanlı” markasına aid xüsusi hədiyyə təqdim edilib.
www.yenicag.az