Türk tarixinin 27 sentyabr qüruru: Turana doğru gedilən yol – Tənzilə Rüstəmxanlı yazır

Tarixdə elə günlər olur ki, bu gün öz mahiyyəti və nəticəsi ilə bütöv bir xalqın, dövlətin özündən sonrakı taleyini müəyyənləşdirir. 2020-ci ilin 27 sentyabr günü tariximizdə məhz belə bir məqamdadır.

… 27 sentyabr milli dövlətçiliyimizin qızıl tarixi, qürur və şərəf simvoludur.
27 sentyabr qisas günü, şəhidlərimizin ruhunun şad olduğu gündür.
27 sentyabr bir xalq olaraq özümüzün dünyaya təsdiqi günüdür.
27 sentyabr iki əsrlik işğal və faciə tarixinin sonu, Qələbə və Zəfər dönəminin başlanğıcıdır.
27 sentyabr Turana doğru əcdadlarımızın başlatdığı müqəddəs hədəfə atılan addımdır…

O gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev televiziyada xalqa müraciətində Qarabağ torpaqlarının işğaldan azadlığı uğrunda Vətən müharibəsinin başlandığını elan etdi, xalqımızın qürur və şərəf tarixinə silinməz səhifələr yazan Vətən müharibəsi başladı.

Ermənistan silahlı qüvvələrinə qarşı Azərbaycan Ordusunun başladığı əks-hücum vaxtından asılı olmayaraq, tarixi zərurət idi. Azərbaycan 30 il işğal altında qalan və erməni işğalçılarının qeyd-şərtsiz ərazilərimizdən çıxarılmasını tələb edən BMT-nin 4 mühüm qətnaməsini özü icra etməklə, əslində, beynəlxalq hüquqa hörmətlə yanaşmanın nümunəsini göstərdi, aliliyini təmin etdi. Vətən müharibəsində kiçikdən tutmuş böyüyə qədər – hər kəs Vətən daşına çevirildi. Şəhidlərimizin canı, qazilərimizin sağlamlığını itirməsi hesabına torpaqlarımızı azad edib Zəfər qazandıq. Azərbaycan Ordusu noyabrın 8-də Şuşa şəhərini azad edərək düşməni kapitulyasiyaya imza atmağa məcbur etdi. Rusiyanın vasitəçiliyi ilə imzalanan üçtərəfli bəyanata əsasən, Azərbaycan ərazilərində olan erməni hərbi birləşmələri ərazilərimizi tərk etməli və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərini, sərhəd bütövlüyünü tanıyan sülh müqaviləsinə imza atmalı idi.

27 Sentyabr Vətən Müharibəsi böyük qalibiyyət tarixini yazmaqla növbəti proseslərin Azərbaycanın xeyrinə həll olunmasında əsas yol xəritəsini cızdı. Azərbaycan Zəfər Savaşı ilə regionun tək lider dövləti olduğunu təsdiqlədi. Zaman-zaman acı məğlubiyyətdən dərs götürməyən məkrli düşmənin də cavabı verildi. Ötən ilin sentyabrında Daşkəsən, Kəlbəcər, Laçın sərhədləri boyu düşmənin növbəti təxribatının qarşısı da qətiyyətlə alındı. Bu ilin aprelində Laçın rayonunun Həkəri körpüsü üzərində – Ermənistanla şərti dövlət sərhədində sərhəd-buraxılış məntəqəmiz quruldu! Bu, öncəki hadisələrdən heç də az önəmli deyildi! Yenə də hərbi-siyasi təxribatlarına son qoymayan xunta rejimin son cavabı bu günlərdə verildi. 19 sentyabrda 4 polisimiz, 2 mülki vətəndaşımız mina qurbanı olunca (İkinci Qarabağ müharibəsi başa çatandan sonrakı mina qurbanlarının sayı 300-dən çoxdur) lokal antiterror tədbirləri keçirməyə vadar olan ordumuz 23 saat 43 dəqiqə içində terrorçuları, separatçıları, bir sözlə, Ermənistan silahlı qüvvələrinin tör-töküntülərini diz çökdürdü. Ağ bayraq qaldıran düşmən dirənişin mənasızlığını Dəmir Yumruğun gücünü növbəti dəfə öz başında görüncə anladı. Bununla da Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edildi. Antiterror tədbirləri ilə həm də ikinci Qarabağ müharibəsində şəhid olan qəhrəmanlarımızın ruhu şad edildi.

Bu günlərdə həm də başqa bir tarixi zərurətə şahid olduq. Zəfər Savaşının ilk qələbə paradını Azərbaycanla birgə qeyd edən qardaş Türkiyə Şuşa bəyannaməsi ilə “bir millət iki dövlət” dostluğunu hərbi-siyasi ittifaqa çevirdi.İndi isə tam məğlub edilmiş düşmən qarşısında Türk Dünyasının iki böyük dövlət adamı, lideri – Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev Naxçıvandan dünyaya Zəngəzur mesajı verərək Böyük Turanın qızıl körpüsünün təməlini atmış oldular.

Vətən uğrunda həlak olan Şəhidlərimizin Ruhu Şad olsun, Millətimiz onların əziz xatirəsini daima yaşadacaqdır.