Türkiyə iqtisadiyyatı üçün TƏHLÜKƏ: “Bu addım ölkəni yeni böhrana sürükləyir” 

“Makroiqtisadi sabitliyin olmaması, xüsusilə də yüksək inflyasiya əhalinin sosial vəziyyətini pisləşdirməklə yanaşı, biznes üçün də problemlər yaradır”. 

Yenicag.az xəbər verir ki, bunu lirənin sürətlə ucuzlaşması fonunda Türkiyə iqtisadiyyatının mövcud vəziyyətini dəyərləndirən iqtisadçı Samir Əliyev deyib.

İqtisadçı bildirib ki, Türkiyədə ixracı stimullaşdırmaq və valyuta ehtiyatlarını qorumaq üçün atılan addımlar qısamüddətli effekt verə bilər və orta-uzun müddətli dönəm üçün fəsadlar yarada bilər və yaradır:

“Türkiyə məzənnə hesabına tədiyyə balansını nizama salıb. 2020-ci ilin yanvar-sentyabr ayları ilə 2021-ci ilin müvafiq dövrünü müqayisə etsək, cari hesablar balansının kəsirini 28,3 milyard dollardan 11,8 milyarda salıb. Türkiyə bu göstəriciyə mal və xidmətlərin ixracını artırması hesabına nail olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə mal ixracını 58,5%, xidmət ixracını 60,5% artırmağa müvəffəq olub. Bu müddətdə idxal da artıb. Türkiyənin maliyyə hesabında da vəziyyət yaxşılaşıb. Birbaşa, portfel və digər investisyaların əhəmiyyətli artması hesabına maliyyə hesabındakı 6,5 milyard dollarlıq kəsir 31 milyardlıq profitlə əvəz olunub. Nəticədə tədiyyə balansında müsbət saldo yaranıb. Ötən ilin 9 ayında valyuta ehtiyatı 42,6 milyard dollar əridiyi halda bu ilin müvafiq dövründə 32,6 milyard artıb”.

Samir Əliyev hesab edir ki, Türkiyə hökumətinin hazırkı addımı atmağa həvəsləndirən də bu göstəricilər ola bilər:

“Makroiqtisadi sabitliyin olmaması, xüsusilə də yüksək inflyasiya əhalinin sosial vəziyyətini pisləşdirməklə yanaşı, biznes üçün də problemlər yaradır. Nəzərə almaq lazımdır ki, Türkiyənin tekstil sənayesinin xammal idxalından asılılığı var. Ucuz lirə həm də xammalı bahalaşdırır və deməli, ixraca da artım təsiri göstərir. Əgər ölkədə inflyasiya səviyyəsi milli valyutanın ucuzlaşma səviyyəsinə yaxındırsa və ya yüksəkdirsə, bu halda milli vayutanın real effektiv məzənnəsinin aşağı düşmə səviyyəsi zəifləyir və ixracın rəqabət qabiliyyəti aşağı düşür. Bank sektorunun dollarlaşması isə gələcəkdə makroiqtisadi sabitliyi sarsıdır. Pandemiya dövründə qlobal bahalaşma fonunda qiymət artımının minimuma endirilməsi əvəzinə artıma dəstək tədbirlərinin görülməsi Türkiyəni yeni iqtisadi böhrana sürükləyir”.

Gülşən Şərif