“Əks-hücum baş verməsə, başlasa da nəticəsi müsbət olmasa, Ukraynanın tamamilə işğalı baş verə bilər”.
Bu fikri Rusiyanın Ukraynanın Baxmut şəhərini ələ keçirməsi, Ukrayna Prezidenti Vladimir Zelenski ətrafında yayılmış söz-söhbətləri şərh edən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Yenicag.az-a açıqlamasında deyib.
Şair Ramaldanov bildirib ki, Baxmutun ələ keçirilməsi gözlənilən idi:
“Baxmutun 70 faizindən yuxarı hissəsini Rusiya işğal etmişdi. Əgər şəhərin 70 faizindən yuxarı hissəsi ələ keçirilibsə, deməli, yerdə qalan hissənin də ələ keçirilməsi yüksəkdir. Xarici ekspertlər bildirirdi ki, Baxmutu saxlamağın əhəmiyyəti yoxdur. Ona görə də orada əlavə itki verməyin elə də önəmi yox idi. Bu barədə Zelenskiyə deyilmişdi. NATO nümayəndələri bir ay, ay yarım əvvəl demişdilər ki, Ukrayna ordusu Baxmutdan çıxmalıdır. Onların orada qalması Ukrayna üçün əlavə itki deməkdir.
Ətraf, NATO nümayəndələri, hərbi ekspertlər Baxmutu saxlamağın mümkün olmayacağı haqqında proqnozlar vermişdilər. Zelenski isə başqa mövqe tutdu. Baxmutu nəyin bahasına olursa-olsun saxlamağa üstünlük verdi. Onun inadkarlığının nəticəsi olaraq Baxmut əldən getdi. Prinsip cəhətdən bu gözlənilən idi. Zelenski isə dilinə gətirirdi ki, Baxmut getməyəcək. Zelenskinin ali baş komandan kimi beynəlxalq arenada nüfuzu düşdü. Çünki o heç kimə qulaq asmadı.
Baxmutu saxlamaqdansa, onun əvəzinə arxada hansısa şəhərin möhkəmləndirmə işlərini aparmaq lazım idi.
İstər ABŞ, istər Avropa olsun Ukraynaya bu qədər silah-sursat göndərdiyinə baxmayaraq Ukrayna qoşunları rusiyanın qarşısını ala bilmirsə və dala çəkilirlərsə, bu silah və maliyyə yardımı edən ölkələrdəki əhalinin də narazılığını artıracaq. Artıq milyardlarla pul tökülüb və ortada heç nə yoxdur. Bu o deməkdir ki, pullar göyə sovrulub. Bütün dünyanın iqtisadiyyatına bu müharibə mənfi təsir edib. Yalnız hərbi sənaye komplekslərinin sahibləri zənginləşib. Artıq ABŞ-də demokratlarla respublikaçılar arasında ziddiyətlər çoxalıb. Qarşıda Çin və Tayvan məsələsi var.
Yazda Ukraynanın əks-hücum edəcəyi haqqında informasiyalar çıxmışdı. Hətta bunun üçün silah-sursat ayrılmışdı. Zelenski tanklar istəyirdi, verdilər, hava hücumundan müdafiə sistemləri istəyirdi, onu da verdilər. İndi də qırıcılar istəyir. Əks-hücum keçirilmirsə, ordu geri çəkilirsə, bu onu göstərir ki, ola bilsin hərbçilər əks-hücumun nəticələrini proqnozlaşdırlar. Buna görə də cürbəcür bəhanələrlə əks-hücumdan qaçırlar.
Baxmuta kluminasiya nöqtəsi kimi baxılırdı. Qısa zamanda Ukrayna Baxmutun revanşını ala bilməsə, Ukrayna hərbi-siyasi rəhbərliyi və yardımlarla bağlı dövlətlər düşünməli olacaqlar”.
Səxavət Məmməd
www.yenicag.az