Üzeyir Hacıbəyli festivalı çərçivəsində “Sənət inciləri” adlı mühazirə-konsertlər təşkil olunacaq
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Türk Mədəniyyəti və İrsi Fondu və ICESCO-nun dəstək verəcəyi festival çərçivəsində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə “Sənət inciləri” adlı mühazirə-konsertlər keçiriləcək. Tədbirlər həmçinin Bakı Dövlət Universiteti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı, Azərbaycan Dillər Universiteti, Qərbi Kaspi Universiteti,Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə reallaşacaq.
Layihə dövlət başçısının sərəncamı ilə bu il 140 illiyi geniş qeyd olunan dahi bəstəkar, Şərqdə ilk operanın yaradıcısı, musiqişünas, publisist, dramaturq və pedaqoq, akademik Üzeyir Hacıbəylinin (1885-1948) musiqi irsimizə bəxş etdiyi əsərləri, şifahi ənənəli nümunələrin nota köçürülməsi və peşəkar musiqinin geniş xalq kütlələri arasında təbliğinə verdiyi misilsiz töhfələrin xüsusilə gənc nəslin diqqətinə çatdırılması məqsədi daşıyır.
Mühazirə-konsertlərin ilki sentyabrın 19-da Azərbaycan Dillər Universitetində, ikincisi sentyabrın 22-də Bakı Dövlət Universitetində, sonuncusu isə ayın 24-də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil ediləcək.
Alim və mütəxəssislər tərəfindən Üzeyir Hacıbəylininhəyat və yaradıcılığına dair mühazirələr təqdim olunacaq, istedadlı tələbələr maraqlı musiqi nümunələri ilə çıxış edəcəklər.