Vaşinqton və Tehran arasında kölgə diplomatiyası: Tərəflərin kompromis imkanları niyə daralır? – ANALİZ
“Müharibə ehtimalı ciddi artsa da, bu, yeganə ssenari deyil”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Politoloq ABŞ və İran arasında danışıqların nəticəsiz qalmasının doğuracağı fəsadlardan bəhs edib:
“ABŞ və İran arasında danışıqların nəticəsiz başa çatması və tərəflərin bir-birinin şərtlərini qəbul etməməsi Yaxın Şərqdə gərginliyin yeni mərhələyə keçdiyini göstərir. Xüsusilə də Donald Trampın “İran yaxın zamanda nələrin baş verəcəyini bilir” açıqlaması Vaşinqtonun hərbi təzyiq kartını masada saxladığını nümayiş etdirir. ABŞ mediasında və o cümlədən də beynəlxalq nəşrlərdə Pentaqonun İranla bağlı qısa və güclü zərbə planları üzərində işlədiyi barədə məlumatlar yayılır.
Lakin zənnimcə, mövcud vəziyyəti tammiqyaslı ABŞ–İran müharibəsinin başlanğıcı kimi qiymətləndirmək hələ tezdir. Çünki tərəflər arasında gərgin ritorikaya, hər iki tərəfin bir-birinin şərtlərini rədd etməsinə baxmayaraq, kölgədə də olsa, üçüncü tərəflər vasitəsilə diplomatik təmaslar davam edir.
Əslində burada əsas məsələ tərəflərin maksimalist mövqeləridir. ABŞ İranın uran zənginləşdirməsini dayandırmasını, regional hərbi təsirinin zəifləməsini və Hörmüz boğazı ilə bağlı təhlükəsizlik təminatları verilməsini istəyir. İran isə sanksiyaların ləğvini, dondurulmuş aktivlərin qaytarılmasını, ABŞ qüvvələrinin regiondan çəkilməsini və hətta müharibə zərərlərinə görə kompensasiya ödənilməsini tələb edir. Bu səbəbdən kompromis üçün siyasi məkan kifayət qədər dar görünür.”
Politoloq qeyd edib ki, müharibənin başlanması ehtimalı ABŞ üçün də ən yaxşı alternativ deyil:
“Digər vacib məqam odur ki, ABŞ üçün İranla birbaşa genişmiqyaslı müharibə ciddi risklər yaradır. Vaşinqton yeni müharibə ilə nəticənin tez bir zamanda əldə olunacağına inanmır. Digər tərəfdən isə ABŞ yeni hərbi əməliyyatların onsuz da yüksək olan enerji məhsullarının qiymətinə təsirini də yaxşı anlayır. 40 günlük müharibə göstərdi ki, İran uzun illər ərzində asimmetrik cavab strategiyası üzərində işləyib və bu strategiyanı tətbiq etməkdə israrlıdır. Yəni Tehranın cavabı yalnız klassik hərbi müstəvidə deyil, regiondakı proksi qüvvələr, pilotsuz uçuş aparatları, enerji marşrutları və dəniz təhlükəsizliyi üzərindən baş verir. Odur ki, yeni hərbi əməliyyatlara start veriləcəksə, İran tərəfindən müvafiq addımların atılacağı da mütləq şəkildə nəzərə alınmalı olacaq.
O baxımdan, əgər hərbi əməliyyatlar bərpa olunacaqsa, bu, çox güman ki, qısamüddətli və konkret hədəflərə yönəlik əməliyyat olacaq. ABŞ müəyyən strateji hədəflərə zərbə endirməklə İranı yenidən danışıqlara məcbur etməyə çalışa bilər.
Odur ki, hazırkı durumda müharibə ehtimalı ciddi şəkildə artsa da, bu, hələ yeganə ssenari deyil. Diplomatik müstəviyə qayıtmaq və Çinin proseslərə müdaxilə etmə, yəni İrana təsir göstərmə ehtimalı hələ də qalır. Ancaq istənilən halda, tərəflərin ritorikası və ABŞ tərəfindən həyata keçirilən hərbi hazırlıq göstərir ki, yaxın günlər region üçün olduqca kritik olacaq.”
Nurlan Cəfəri













