Venesuelada "TRAMP ÇEVRİLİŞİ" : Maduronun həbsi neftin qiymətini necə dəyişəcək?
“Tramp Venesuelanın enerji resurslarına tam nəzarəti ələ keçirsə, neftin qiyməti dəyişəcək.”
Yenicag.az xəbər verir ki, bu fikirləri politoloq İlyas Hüseynov bildirib.

Politoloq ABŞ Prezidenti Donald Trampın Venesuela rəhbəri Nikolas Maduronu əsir götürməsini şərh edib:
“Maduronun həbsi 2026-cı ilin əvvəlində çox mühüm hadisə kimi yadda qaldı. İlə bu hadisə ilə başlanılması ilin gərgin keçəcəyindən xəbər verir. Eyni zamanda, Maduronun çoxsaylı mühafizəçilərinin olmasına rəğmən, çox sakit şəkildə ələ keçirilərək ABŞ-a aparılması və Trampın onun “ədalət mühakiməsi” qarşısında cavab verəcəyi ilə bağlı fikirləri ciddi müzakirələrə səbəb olub. Bu həbs önəmli geopolitik mesaj kimi də qiymətləndirilir. Maduronu himayə edən qüvvələr və dövlətlər var idi onun ələ keçirilməsi mümkünsüz görünürdü. Buna baxmayaraq, Tramp mühüm əməliyyat keçirərək regionda güclü nüfuza malik olduğunu sübuta yetirdi.”
İlyas Hüseynov Trampın Venesuelanın rəhbərliyinə özünə yaxın şəxsi gətirməyə cəhd edəcəyini qeyd edib:
“Nəzərə almaq lazımdır ki, Venesuelanın çox zəngin enerji resursları və neft yataqları mövcuddur. Neft yataqlarının yenidən qurulması haqqında Tramp bir çox fikir bildirdi. Bu, onu deməyə əsas verir ki, Tramp Venesuelanın başında öz adamını görməyə çalışır. Lakin vitse-prezident Maduronun həbsdən azad edilməsini və ölkəyə qaytarılmasını tələb edir. Bu da yeni bir vəziyyət formalaşdırır. ABŞ enerji resurslarını idarə etmək üçün öz namizədinin rəhbərliyə gəlməsinə çalışacaq.”
Politoloq sonda diqqətə çatdırıb ki, Rusiya–Ukrayna müharibəsi fonunda enerji resurslarına yaranan tələbat Trampı bu addımı atmağa sövq edib:
“Bu həbs dünya enerji bazarında yeni vəziyyət formalaşdırır. Rusiya–Ukrayna müharibəsi fonunda enerji resurslarına tələbat yüksəkdir. Ötən ilin sonunda dünya neft hasilatının azalmasını və qiymətlərin düşməsini müşahidə edirdik. Bu hadisə neftin qiymətinə təsirsiz ötüşməyəcək. Əgər ABŞ Venesuelanın enerji resurslarına tam nəzarəti ələ keçirsə, bu, dünya bazarında qiymətlərin dəyişməsini şərtləndirəcək.”
Nurlan Cəfəri












