Bakıda təşkil olunan VII Qlobal Bakı Forumu beynəlxalq miqyasda böyük etimadla qarşılanan platforma statusunu növbəti dəfə təsdiqləyib.
Müxtəlif təyinatlı beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən Azərbaycanın birbaşa öz təşkilatçılığı ilə keçirdiyi mühüm toplantılar yüksək statuslu əcnəbi təmsilçilərin həvəslə iştirak etdikləri qlobal mərasimlərə çevrilib.
Nəzərdə tutulan tədbirlər sırasında əlbəttə ki, prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşdirilən, eyni zamanda, səviyyəsi ildən-ilə yüksələn Bakı Humanitar Forumudur.
Artıq ənənəvi xarakter alan Bakı Humanitar Forumu regional və qlobal problemlərin açıq müzakirə olunduğu beynəlxalq tədbir halına gəlib və onun nəticələri geniş miqyasda müzakirə olunaraq, obyektiv dəyərləndirilir.
Bu il martın 14-də öz işinə başlayan VII Qlobal Bakı Forumu özünün miqyas və səviyyəsinə görə əvvəlki forumlardan müsbət mənada xeyli fərqləndi. Tədbirdə Əfqanıstan prezidenti Əşrəf Qani, Albaniya prezidenti İlir Meta, Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Şefik Caferoviç, Moldova prezidenti İqor Dodon, Montoneqro prezidenti Mila Dukanoviç, Bolqarıstanın baş naziri Boyko Borisov, o cümlədən, 40-dan çox sabiq dövlət və hökumət başçısının iştirakı yuxarıda deyilənlərin bariz təsdiqidir. Ümumilikdə, 55 ölkədən olan 500-ə qədər nümayəndənin qatıldığı Forumun yüksək səviyyədə təşkili iştirakçılar tərəfindən də etiraf olundu və müsbət qiymətləndirildi.
Forum həm də Ermənistanın hərbi təcavüzü nəticəsində ərazilərinin 20 faizini itirən, 1 milyona yaxın vətəndaşı qaçqın vəziyyətinə düşən Azərbaycanın öz həqiqətlərini bir daha dünyaya çatdırmaq üçün əldə olunan mühüm platformadır.
O baxımdan, prezident İlham Əliyevin Forumdakı çıxışı Azərbaycanın mövcud ümumi vəziyyəti, Qarabağ münaqişəsi və onun nəticələri, ölkəmizin həyata keçirdiyi genişmiqyaslı enerji və nəqliyyat layihələri, multikultural ənənələrimiz və sair məsələlər haqqında iştirakçıların ətraflı məlumatlandırılması baxımından, xüsusi əhəmiyyət kəsb edir.
Əlbəttə ki, prezident İlham Əliyevin çıxışında Qarabağ münaqişəsi, onun nəticələri və həllinin vacibliyinə yönəlik mesajları çox önəmli təqdimat oldu:
“Xalqımız etnik təmizləməyə məruz qalıb. İşğal olunmuş ərazilərdəki bütün tarixi abidələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb və bu, işğal olunmuş ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərmiş ATƏT-in hesabatında öz əksini tapıb.
Azərbaycan torpaqlarının işğalı beynəlxalq hüququn, əsas beynəlxalq təşkilatların müvafiq qətnamələrinin və qərarlarının kobud şəkildə pozulmasıdır. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib və onlar Ermənistan tərəfindən yerinə yetirilmir”.
Dövlət başçısı Azərbaycanın iqtisadi potensialı haqda danışarkən, ölkəmizin həyata keçirdiyi böyük layihələrin həm də region ölkələrinə fayda gətirdiyini vurğulayıb:
“Azərbaycan enerji təhlükəsizliyinə böyük töhfələr verir, böyük sərmayələr qoyur. Mühüm beynəlxalq enerji şirkətləri ilə bir yerdə gördüyümüz işlər təkcə xalqımıza mənfəət gətirmir, eyni zamanda, Azərbaycanda və regionda on minlərlə yeni iş yeri yaradır və təbii ki, beynəlxalq əməkdaşlığa öz töhfəsini verir”.
Prezidentin multikulturalizm barəsində fikirləri isə Azərbaycanda fərqli mədəniyyətlərin və ənənələrin dinc yanaşı mövcudluğu faktının növbəti təsdiqi oldu:
“Multikulturalizm bizim siyasətimizin tərkib hissəsidir. Azərbaycan bu gün dünyada multikulturalizmin mərkəzlərindən hesab edilir. Bunun tarixçəsi də var. Azərbaycan tarixən elə bir məkan olub ki, burada müxtəlif dinlərin və millətlərin nümayəndələri bir yerdə bir ailə kimi yaşamışlar”.
Forumun açılış mərasimində, həmçinin sessiya və panellərdə edilən çıxışlarda da sözügedən tədbirin vacibliyi və səviyyəsi, müzakirəyə çıxarılan mövzuların aktuallığı xüsusi vurğulandı, səslənən fikir və təkliflərin qlobal problemlərin çözümünə təkan verəcəyinə ümid ifadə edildi.
Tədbir çərçivəsində təşkil olunan “Yaxın Şərqdə sülh və təhlükəsizlik”, “Balkanlar: bu günü və gələcəyi”, “Dünya üçün Çinin inkişafı və imkanları” və “Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu” panellərində aparılan açıq və bəzən kəskin diskussiyalar Forumun konstruktiv mahiyyətinin göstəricisi hesab olunmalıdır.
Təbii, artıq brendə çevrilmiş Qlobal Bakı Forumunun növbəti dəfə yüksək səviyyədə təşkil olunması Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin öz missiyasını və üzərinə düşən vəzifələri uğurla yerinə yetirdiyini söyləməyə əsas verir. Əminliklə deyilə bilər ki, yetərincə məsuliyyətli işin öhdəsindən gələn Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan adına fəaliyyətini eyni uğurla davam etdirəcək.
www.yenicag.az