“Xamneyinin nəşinin ölkə-ölkə gəzdirilməsi İslamda böyük günahdır” - Siyasi şərhçi
“Vaxtında dəfn olunmalı olan şəxsi ölkə-ölkə gəzdirirlər”
Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib.
A. Həsrət İranın öldürülmüş lideri Əli Xamneyinin nəşini İraqdan İrana daşımalı olan təyyarə reysinin təxirə düşməsinin mümkün səbəblərini izah edib:
“Öldürülmüş Əli Xamneyinin nəşinin qapı-qapı gəzdirilməsi böyük bir ayıbdır. İslam dini ariflərinin şərhlərini izləyirəm, onlar da bu hərəkətin İslamda böyük günah olduğunu bildirirlər. İslam dinində belə bir şey yolverilməzdir. Bir insanın nəşinin aylar ərzində saxlanılması günahdır. Vaxtında dəfn olunmalı olan şəxsi ölkə-ölkə gəzdirirlər. İndi də İraqa aparıblar, ordan qaytara bilmirlər. Səbəb odur ki, İranın hava məkanına ABŞ və İsrail nəzarət edir. Bu iki dövlət icazə verdiyi üçün onlar nəşi İraqa apara biliblər. Geri qaytarmaq üçün də ABŞ və İsraildən icazə almalıdırlar. Görünür, bu icazə onlara verilmir. İranı faktiki olaraq gözdən salıb məhv ediblər. Rəhbərliyini öldürüb istədikləri an bombardman edirlər; bütün hava qüvvələrini, su nəqliyyatını, hərbi dəniz qüvvələrini məhv ediblər. İranın daxilindəki bütün strateji obyektlər dağıdılıb. İran bu saat istənilən addımı atmazdan öncə birbaşa olaraq Amerikadan və dolayı yolla İsraildən icazə almalıdır. Görünən odur ki, ABŞ nəşin İrana qaytarılmasına hələ icazə vermir.
Digər variant da odur ki, ABŞ Xamneyinin nəşinin daşındığı iddia edilən təyyarəni göydə vurmağı planlaşdırır. Bu variant da mümkündür. Çünki 2011-ci ilin may ayında Pakistanda öldürülmüş “Əl-Qaidə” lideri Osama bin Ladenin nəşinin harda olduğunu, harda dəfn edildiyini heç kim bilmir. Ona görə ki, ABŞ onu okeanda dəfn etdi ki, kimlərsə gedib ziyarət edə bilməsin. Görünür, Xamneyi üçün də bənzər ssenari hazırlanır və bəlkə də İran özü də bilir ki, onları belə bir tale gözləyir. Sonra da bəhanə edəcəklər ki, biz sadəcə olaraq düşünmürdük ki, ABŞ bunu da edər. Ona görə də düşünürəm ki, bu variant da istisna deyil.”
Nurlan Cəfəri













