Yeni heyvan daşıma qaydaları qiymətlərə necə təsir edəcək? — İqtisadçıdan ŞƏRH
Qəbul edilən yeni qərara əsasən, 2027-ci ildən satışa çıxarılacaq heyvanlar yalnız xüsusi avtomobillərlə daşınacaq.
Bu dəyişiklik ətin qiymətinə təsir göstərəcəkmi? Qiymət sahibkar tərəfindən necə tənzimlənəcək?
Yenicag.az olaraq mövzunu şərh etmək və bu dəyişikliyin ətin satış qiymətinə necə təsir edəcəyini öyrənmək üçün iqtisadçı, REAL Partiyasının Siyasi Komitəsinin sədri Natiq Cəfərliyə müraciət etdik.
Ekspert məsələni belə şərh etdi:
“İstənilən halda, aşırı tənzimlənmə qaydaları tətbiq olunursa və bu, xərcləri artırırsa, həmin artım qiymətdə də öz əksini tapacaq, başqa cür mümkün deyil. Əgər müəyyən standartlara cavab verən maşınlar dövriyyəyə girsə, onların icarə haqqı olacaq. Hələlik xüsusi maşınların necə olacağı ilə bağlı dəqiq məlumat yoxdur. Həmin maşınlar hansısa şirkətlərə və ya şəxslərə məxsus olacaqsa, onlarla icarə müqaviləsi əsasında işləyəcəklər. Onların icarə haqqı da baha olacaq. Belə olan halda, sahibkar malı satışa çıxarana qədər daha çox xərc çəkəcəksə, bu xərc fərqini məhsulun qiymətinə hesablayacaq. Bu, hər bir halda fantastik artım olacağı demək deyil, amma istənilən halda mənasız və aşırı tənzimləmə tətbiq olunarsa, fərq qiymətdə mütləq özünü göstərəcək”.
Nurlan Cəfəri













