!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaxın Şərqdə SULAR DURULDU – “4-5 il ərzində...”

!Reklam – Yazi

“Son illərdə Yaxın Şərqdə yığılmış enerji, xüsusilə 2023-cü ildə baş verən hadisələr fonunda əhəmiyyətli dərəcədə boşaldı. İranın uzun müddət Yaxın Şərqdə dəstəklədiyi, silahlandırdığı və birbaşa iştirak etdiyi proseslərdə mühüm mərhələlər geridə qaldı.

2023-cü ilin 7 oktyabrında İranın dəstəyi ilə HƏMAS tərəfindən İsrailə qarşı həyata keçirilən hücumlar, nəticədə, HƏMAS üçün ağır məğlubiyyətlə yekunlaşdı”.

Bu sözləri Yenicag.az-la söhbətində politoloq Oktay Qasımov deyib.

Siyasi təhlilçi HƏMAS-ın ötən həftə 4 israilli hərbçi qadını İsrailə geri qaytarmasından sonra hələlik suların durulduğu Yaxın Şərqdə perspektivdə nələrin baş verməsi ehtimallarını şərh edib.

Onun sözlərinə görə, HƏMAS-ın hərbi qanadı, demək olar ki, tamamilə məhv edildi, Qəzza zolağı dağıdıldı və 2 milyondan çox insan çox ağır vəziyyətlə üzləşdi:

“Bununla yanaşı, İranın “müqavimət oxu” adlandırdığı qüvvələr arasında ən güclüsü hesab edilən “Hizbullah” da ciddi zərbələr aldı. Həm HƏMAS-ın, həm də “Hizbullah”ın lider kadrosu sıradan çıxarıldı, müqavimət gücü əhəmiyyətli dərəcədə zəiflədi. Həmçinin İsrail Yəməndəki husi qruplaşmalarına da zərbələr endirdi, İranın hava hücumundan müdafiə sistemləri sıradan çıxarıldı və İsrailin hücumları zamanı İran ərazisində mühüm ziyanlar müşahidə edildi. Ən böyük itkilərdən biri isə İranın 50 ildən bəri Suriyada hakimiyyətdə olan və son 40 ildə ən yaxın müttəfiqi hesab edilən Əsəd rejiminin zəifləməsi oldu”.

Həmsöhbətimizin fikrincə, bu zərbələrdən sonra İranın vəziyyəti çətinləşdi və Tehran ABŞ ilə danışıqlarda maraqlı olduğunu açıq şəkildə nümayiş etdirdi:

“Prezident və digər yüksək səviyyəli şəxslərin verdiyi açıqlamalar İranın Amerika ilə əməkdaşlığa hazır olduğunu göstərir. Eyni zamanda, İsrailin əsas hədəflərinə böyük ölçüdə çatdığını söyləmək olar. İsrail öz əsas düşmənlərinə ağır zərbələr vuraraq onların gücünü əhəmiyyətli dərəcədə azaltdı. Bu qüvvələrin yaxın 4-5 il ərzində əvvəlki güc və potensial səviyyəsinə çatması real görünmür. Digər tərəfdən, ABŞ-də Donald Tramp kimi gözlənilməz və qətiyyətli qərarlar qəbul edə bilən bir liderin hakimiyyətdə olması, regiondakı proseslərə təsir göstərə bilər. HƏMAS-ın Amerika ilə danışıqlara hazırlıq bəyanatı da bu qüvvələrin zəifləməsinin göstəricisidir”.

“Yaxın perspektivdə Yaxın Şərqdə genişmiqyaslı hərbi əməliyyatların baş verəcəyini ehtimal etmək çətindir. “Müqavimət oxu” adlanan qüvvələrlə İsrail arasındakı münasibətlərdə müəyyən gərginliklər davam etsə də, böyük hərbi əməliyyatların şahidi olmaq ehtimalı azdır. Bununla yanaşı, ABŞ-nin regiondakı prioritetləri dəyişməz qalacaq və Yaxın Şərqdə yeni arxitekturanın formalaşması, xüsusilə Suriya məsələsi üzərindən ciddi dəyişikliklərin baş verməsi gözlənilir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

www.yenicag.az

164
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv