Yoldaş yoxsa, cənab zabit? – Müraciət formasına fərqli münasibətlər
Üzeyir Cəfərov: “Orduda müraciət forması olaraq “yoldaş” sözü, “cənab” sözü ilə əvəzlənməlidir”
Azad İsazadə: “Bu o qədər də prinsipial məsələ deyil”
Emin Həsənli: “Yoldaş” sözündən istifadə daha məqsədəuyğundur”
Azərbaycan ordusunda nizamnaməyə uyğun olaraq, zabit və əsgərlər bir-birinə “yoldaş” deyə müraciət edir. Lakin bu söz sovet dönəmində işlədildiyindən, onun müasir zamanla uyğunlaşmadığını düşünənlər də var. Hətta bir çox sovet respublikalarının ordusunda “yoldaş” sözü çoxdan başqa ifadələrlə əvəzlənib.
Yeniçag.az saytına açıqlamasında hərbçi ekspert Üzeyir Cəfərov ordumuzda hazırda işlədilən müraciət formasının dəyişdirilməsinin tərəfdarı olduğunu bildirdi: “Keçmiş SSRİ-nin varisi olan 15 respublika indi müstəqil dövlətlərdir və hər birinin də öz ordusu var. Vaxtilə həmin respublikalar SSRİ-dən ayrılanda mövcud nizamnaməni tərcümə edib, öz orduları üçün tətbiq etdilər. Bu nizamnamədəki müraciət formaları, əsgərlərə verilən komandalar standart formada idi. Amma illər keçdikcə dövlətlər bu məsələlərə yenidən baxırlar. Azərbaycanda da orduda müraciət forması ilə bağlı çoxsaylı müzakirə və münasibətlər var. İstərdim ki, bütün dünya ordularında qəbul olunan müraciət forması Azərbaycanda da tətbiq edilsin. Yəni müraciət zamanı “cənab” sözünün əsgər və zabitlərə də şamil edilməsi yaxşı olardı. Bir müddət ölkəmizdə zabitlər arasında müraciət zamanı “cənab” sözü işlədilirdi. Amma əsgərlər arasında daha çox “yoldaş” sözü işlədilir. Düzdür, elə hərbi hissələr var ki, orada zabitlər tələb edir ki, əsgərlər bir-birinə “cənab” deyə müraciət etsin. Amma bu nizamnamə tələbinə uyğun gəlmir. Bildiyim qədər artıq hərbi nizamnamədə bəzi dəyişiklik və əlavələr olacaq. Bu mənada nizamnamədə müraciət formasının da müasir tələblərə uyğun olmasının tərəfdarıyam. Ölkəmizdə də bu məsələyə baxılmalı və müraciət forması olaraq “yoldaş” sözü “cənab” sözü ilə əvəzlənməlidir. Bununla da məsələ nizamnamə tələblərinə uyğun olaraq tənzimlənər. Nizamnaməni elə hala salmalıyıq ki, ona uyğun olaraq əsgərlərimiz sabah hansısa ölkədə təlimlərdə iştirak edəndə bir-birinə normal, sivil qaydada müraciət etmək imkanı əldə etsin”.
Ekspert Azad İsazadə isə saytımıza məsələ ilə bağlı münasibət bildirərkən söylədi ki, Silahlı Qüvvələrdə müraciət formasının dəyişdirilməsinə prinsipial məsələ kimi baxmır: “Bu o qədər də prinsipial məsələ deyil. Çünki, “yoldaş” ifadəsi də pis söz deyil. Sadəcə sovet ideologiyası ona mənfilik gətirir və kommunizm rəmzinə çevrilib. Rəsmi olaraq, Azərbaycanda zabitlər arasında “cənab” deyə müraciət edilir. Əsgərlər arasında isə sadəcə “əsgər” ifadəsi səsləndirilir. Burada birinci növbədə tələb etmək lazımdır. Hərbi nizamnamələrdə necə yazılıbsa, elə də müraciət etmək gərəkdir. Amma müraciət formasının necə olmasının ordunun döyüş qabiliyyəti üçün prinsipial əhəmiyyəti də yoxdur”.
Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli isə müraciət forması olaraq, “yoldaş” sözünün saxlanılmasını məqbul saydı: “Azərbaycan Silahlı Qüvvələrinin nizamnaməsində müraciət forması olaraq “yoldaş” sözü işlədilir. Hesab edirəm ki, bu belə olaraq da qalmalıdır. Əsgərlə zabit bir-biri ilə döyüş, cəbhə yoldaşıdır. Bəzən belə fikirlər səslənir ki, “yoldaş” köhnədən qalma olduğundan, onu “cənab” sözü ilə əvəz etmək daha doğru olardı. Amma hesab edirəm ki, səngər yoldaşları arasında müraciət forması olaraq, “yoldaş” sözündən istifadə daha məqsədəuyğundur. Birinci şəxsə adətən, cənab nazir deyə müraciət olunur. Amma qalan rütbələr üzrə ” yoldaş” deyərək müraciət edilməlidir. Bəzi ənənələr var ki, hansı dövrdə yaranmasından asılı olmayaraq, o davam etdirilməlidir. “Yoldaş leytenant”, “yoldaş kapitan” və yaxur “yoldaş əsgər” sözləri hesab edirəm ki, özünü doğruldur. Bu müraciət forması yaxınlıq, doğmalıq bildirir”.
Rüfət/Yenicag.az