Zaqatalada fərdi yaşayış evində yanğın olub.
Yanğın rayonun Paşan kəndində, 1948-ci il təvəllüdlü Məryəm Mazayevaya məxsus, ümumi sahəsi 99 kvadratmetr olan, kürsülü 4 otaqlı fərdi yaşayış evində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin bir otağının yanar konstruksiyası içərisindəki əşyalarla birlikdə, digər otağın isə tavan hissəsi yanaraq yararsız hala düşüb. Yanğınsöndürənlərin səyi nəticəsində evin digər iki otağı yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı FHN-in Zaqatala rayon DYMH-də araşdırma aparılır.