“Zirə” Avropa Liqasına vəsiqə qazanıb

Azərbaycan Premyer Liqasında bütün pillələrin sahibləri müəyyənləşib.

Bu, son turun artıq başa çatan ilk 3 oyunundan sonra məlum olub. “Zirə” autsayder AZAL-ı səfərdə 3:0 hesabı ilə yenərək, mövsümü 39 xalla 4-cü pillədə bitirib. Ayxan Abbasovun baş məşqçi olduğu komanda həm də Avropa Liqasına sonuncu vəsiqəyə sahib çıxıb.

“Zirə” ötən mövsümü gümüş medalla başa vursa da, UEFA lisenziyası ala bilmədiyi üçün Avroliqada çıxış edə bilməyib. Qarşıdakı mövsümdə isə belə problemin olmayacağı bildirilir.

Gəncədə “Kəpəz” “İnter”i minimal hesabla yenərək, 36 xalla 5-ci yeri tutub.

Nəhayət, “Sumqayıt” “Qəbələ”ni 2:1 hesabı ilə yenməsinə baxmayaraq, 35 xalla 6-cı pillədə qalıb.

Ağdamın “Qarabağ” komandası çempionluğu rəsmiləşdirib. “Neftçi” isə yalnız 10 xala malik AZAL-ı qabaqlayaraq, 7-ci yeri tutub.

Qeyd edək ki, “Qəbələ” 52 xalla 2-ci, “İnter” 43 xalla 3-cü olub.

Yeniçağ.az