Təyyarə qəzasının ildönümü münasibətilə İkinci Fəxri xiyabanda məzarlar ziyarət edilib
Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında kənar təsirlər nəticəsində qəzaya uğramasının birinci ildönümü münasibətilə İkinci Fəxri xiyabanda məzarlar ziyarət edilib.
Oxu.Az-ın məlumatına görə, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, AZAL prezidenti Samir Rzayev, AZAL əməkdaşları və həlak olanların ailə üzvləri Milli Qəhrəmanlar Hökumə Əliyeva, İqor Kşnyakin, Aleksandr Kalyaninovun xatirəsi yad ediblər.
Qeyd edək ki, ötən il dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus “J2-8243” nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli təyyarə təcili eniş zərurəti ilə əlaqədar Aktau şəhəri istiqamətinə yönəldilib və şəhərdən 3 km aralıda qəzaya uğrayıb. Təyyarədə beş ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər isə sağ qalıb.












