!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

11 sayta xaricdən TOTAL HÜCUM: “Güney Azərbaycan və türk dünyası ilə bağlı fəaliyyətimiz...” – AKTUAL

!Reklam – Yazi

“Hazırda onların bərpa olunma ehtimalı sıfır olmasa da, bunun üçün iri məbləğdə vəsait və təcrübəli mütəxəssislər lazımdır”.

Bu fikirləri rəhbərlik etdiyi on bir saytın xaricdən total hücuma məruz qalmasının səbəbləri və problemin həll imkanları haqda danışan media eksperti Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, aparılan yoxlamalar nəticəsində aşkar edilib ki, sözügedən on bir saytın hər birinin idarəetməsinə total şəkildə sinxron müdaxilə edilib:

“Vəziyyət bundan ibarətdir ki, avustun 4-də, yəni Londondakı səfirliyimizə hücum edilən gün səhər erkəndən məlum oldu ki, bizim saytların admin panelinə daxil olmaq, yaxud da daxil olunsa belə, orada əməliyyat aparmaq mümkün deyil.

Mən dərhal araşdırmaya başladım. Bizim hostinq server ABŞ-də yerləşir, ora ilə də əlaqə saxladım. Bundan sonra aparılan yoxlamalar nəticəsində aşkar edildi ki, bizim hesabımızda olan on bir saytın hər birinin idarəetməsinə total şəkildə sinxron müdaxilə edilib.

Bunun yekununda isə həmin saytlardakı on səkkiz min fayl virusa yoluxdurulub. Qeyd olunan səbəbdən provayder bizim saytların admin panelinə girişi bağlayıb ki, kənar qüvvələr daha dərinə gedə bilməsinlər. Saytların bəziləri, ümumiyyətlə, açılmırdı, bəzilərinin isə dediyim kimi, admin panelində daxil ola bilsək də, əməliyyat aparmaq mümkün olmurdu.

Artıq dörd gündür ki, ABŞ-dəki provayderlə müntəzəm danışıqlar aparıram, onlar mənə bu işi çözə biləcək mütəxəssislər tövsiyə etdilər, onlarla da danışdıq. Ancaq həmin mütəxəssislərin problemin həlli üçün hər sayta görə istədikləri üç yüz dollar, ümumilikdə, beş min altı yüz manat vəsait bizim imkanlarımıza uyğun olmadı.

Bu baxımdan, alternativ variantlara əl atmalı olduq. Mən öz imkanlarımla problemi həll etməyə çalışdım, hətta bayraqdar.info saytını təmizlədim, qaydasına saldım. Düşünürdüm ki, bu yolla digər saytlardakı problemi də həll edə bilərəm. Ancaq ertəsi gün baxdıq ki, artıq təmizlədiyim sayta yenə də eyni qaydada müdaxilə edilib, virusa yoluxdurulub, qeyri-işlək vəziyyətə gətirilib.

Bu ondan xəbər verir ki, bizə qarşı hücum məqsədli xarakter daşıyır və əsas niyyət də on bir saytın işləməməsidir. Əlbəttə, sual yaranır ki, bu hücum haradan və nədən qaynaqlanır? Saytlarımıza hücum üçün Rusiya tətbiqlərindən istifadə edilməsi bir ipucu sayıla bilər. Lakin başqa bir ipucu da ondan ibarətdir ki, bizim bayraqdar.info saytımız Rusiyanın Ukraynaya qarşı başladığı haqsız müharibə ilə bağlı obyektiv və ədalətli xəbərlər yayır, şərhlər verir. Səbəblərdən biri bu ola bilər.

İkinci səbəbi kimi isə bizim Güney Azərbaycan mövzusuna yüksək həssaslıqla yanaşmağımızı göstərmək mümkündür. Yəni biz fars-molla rejiminin Güneydəki soydaşlarımızın başına gətirdiyi oyunları davamlı surətdə işıqlandırırıq. Əlbəttə, belə bir şəraitdə onların boş dayanacağını da gözləmirdik.

Üçüncü məqam isə bizim türk dünyası ilə bağlı fəaliyyətimizdir. Qeyd edim ki, şəxsən mənim təqribən on beş il əvvəl hazırlayıb hədiyyə etdiyim və əsasən, Orta Asiyadan qaynaqlanan üç ayrı saytımız bu hücuma məruz qalıb. Hazırda onların bərpa olunma ehtimalı sıfır olmasa da, bunun üçün iri məbləğdə vəsait və təcrübəli mütəxəssislər lazımdır.

Bütün bunlar ondan xəbər verir ki, bizim Güney Azərbaycan və türk dünyası ilə bağlı fəaliyyətimiz, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə ədalətli yanaşmamız ciddi izlənilir və o səbəbdən də belə bir total hücum baş verib. İndi, ilk növbədə, bayraqdar.info-nun, daha sonra isə digər saytlarımızın fəaliyyətini bərpa etmək üzərində işləyirik”.

A.Zeynalov

www.yenicag.az

637
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv