1100 nəfər 50 dərəcə istinin qurbanı oldu
Hindistanda dözülməz isti hava şəraiti can almağa davam edir. Rekord temperaturun qeydə alındığı Madya Pradeş ştatının Bopal şəhərində artıq hərarət 50 dərəcəyə çatıb.
Çoxu dilənçilər, səfillər və fəhlələr olmaqla 1100 nəfərdən çox insan dünyasını dəyişib. Hökümət vətəndaşları zərurət olmadıqca bayıra çıxmamağa çağırıb.
Andra Pradeş ştatının xəstəxanaları günvurma diaqnozu ilə daxil olmuş xəstələrlə ağzına kimi dolub. Ştatda son həftələr ərzində 550 nəfərdən çox insan hərarətin qurbanı olub.
Yaranmış vəziyyətlə əlaqədar fövqəladə tibbi mərkəzlər yaradılıb, həkimlərin məzuniyyətə çıxması qadağan edilib. Evlərində kondisoner olmayan yoxsul sakinlər sərinlənmək üçün ticarət mərkəzlərinə və marketlərə axın edib. İçməli su qıtlığı vəziyyəti daha da qəlizləşdirir.
Ştat rəhbərliyi mobil yardım məntəqələri açaraq, insanları pulsuz olaraq içməli su və sərin südlə təmin edir. Sinoptiklər qızmar hava ilə bağlı qırmızı həyəcanın çərşənbə gününün sonuna kimi davam edəcini bildirir.