AJet-in Bakı reysində baqaj qalmaqalı: 200 sərnişin yükünü ala bilmədi
Türkiyənin AJet aviaşirkətinin İstanbul–Bakı reysində sərnişinlər ciddi problemlə üzləşdiklərini bildirirlər.
Yenicag.az Qaynarinfo-ya istinadən xəbər verir ki, iddialara görə, AJet-in VF177N nömrəli reysi iyunun 20-də saat 12:35-də İstanbulun Sabiha Gökçən hava limanından havaya qalxaraq saat 16:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. Lakin təyyarədə olan sərnişinlər enişdən sonra baqajlarını ala bilməyiblər.
Sərnişinlərin sözlərinə görə, təxminən bir saat gözlədikdən sonra onlara baqajların təyyarəyə ümumiyyətlə yüklənmədiyi məlum olub. Bildirilir ki, 200 nəfərə yaxın sərnişinin baqajı Bakıya gətirilməyib.
Narazı sərnişinlər qeyd edirlər ki, aviaşirkətin nümayəndələri hadisə ilə bağlı əvvəlcə heç bir açıqlama verməyiblər. Yalnız hava limanı əməkdaşlarının təkidindən sonra sərnişinlərlə görüşən AJet nümayəndəsinin verdiyi məlumat vəziyyəti daha da mürəkkəbləşdirib.
İddialara əsasən, sərnişinlərə baqajların növbəti 5 gün ərzində hissə-hissə göndəriləcəyi bildirilib. Bununla yanaşı, hansı sərnişinin yükünün nə vaxt çatdırılacağı barədə dəqiq məlumat verilməyib.
Bu isə sərnişinlərin hər gün hava limanına gələrək öz yüklərinin gəlib-gəlmədiyini yoxlamalı olması deməkdir. Şikayətçilər bildirirlər ki, tranzit reyslə səyahət edən bəzi sərnişinlərin baqajları təhvil verilsə də, birbaşa Bakı istiqamətində uçan sərnişinlərin yükləri verilməyib.
Sərnişinlər beynəlxalq aviasiya təcrübəsində bu cür hallarda gecikən baqajların sahiblərinin ünvanına çatdırılmasının tətbiq edildiyini xatırladaraq, AJet-in məsuliyyəti üzərinə götürmədiyini və yaşanan narahatlığa görə üzrxahlıq etmədiyini bildirirlər.
Məsələ ilə bağlı AJet aviaşirkətinin rəsmi mövqeyini əldə etmək mümkün olmayıb. Aviaşirkətin açıqlaması olduğu təqdirdə material yenilənəcək.













