ABŞ-İran sülhünün gizli qalibi Çindir? Pekin hansı Tehranı istəyir?
ABŞ və İran arasında İslamabadda imzalanan yeni razılaşma Yaxın Şərqdəki müharibəni dayandırsa da, bölgədə yeni geosiyasi hesablamaların əsasını qoyur. Bu prosesdən ən çox qazanan ölkələrdən birinin isə Çin olduğu düşünülür.
Bir çox ekspert hesab edir ki, İran ətrafında yaranan son böhran Pekinə həm enerji təhlükəsizliyi, həm də diplomatik təsir baxımından əlavə üstünlüklər qazandırıb. Xüsusilə də Hörmüz boğazında gərginliyin azalması və İran neftinin bazara çıxış imkanlarının genişlənməsi Çin üçün mühüm əhəmiyyət daşıyır.
Çin Sosial Elmlər Akademiyasının nümayəndəsi Tan Çjicao bildirib ki, gərginliyin azalması Pekinin əsas maraqlarına uyğundur:
“Bu, Çinə enerji idxalının təhlükəsizliyini artırmağa və iqtisadi riskləri azaltmağa imkan verir”.
Müharibə Çinə nə qazandırdı?
Analitiklərin fikrincə, İran-ABŞ qarşıdurması Çin üçün bir neçə mühüm üstünlük yaradıb.
Əvvəla, Pekin enerji bazarında daha geniş manevr imkanları əldə edib. Müharibə dövründə Çin strateji neft ehtiyatlarını artırmaq üçün əlverişli şərait qazanıb. İkincisi, Çin özünü bölgədə bütün tərəflərlə danışa bilən yeganə böyük güclərdən biri kimi təqdim etməyi bacarıb. Ekspertlər hesab edirlər ki, apreldə əldə olunan atəşkəs və iyunda imzalanan ABŞ-İran memorandumunun hazırlanmasında Pekinin pərdəarxası rolu az olmayıb. Üçüncüsü, müharibədən sonrakı bərpa layihələri Çin şirkətləri üçün yeni iqtisadi imkanlar açır. Həm Körfəz ölkələrində, həm də İranın özündə infrastruktur, logistika və enerji layihələrinin əsas icraçılarından birinin Çin olması gözlənilir.
Pekin hansı İranı istəyir?
Əsas sual budur: Çin üçün hansı İran daha sərfəlidir? Sanksiyalar altında qalan, Qərbdən təcrid olunmuş İran, yoxsa ABŞ və Avropa ilə münasibətləri normallaşdıran, iqtisadiyyatı açılan İran?
Son 20 ildə Çin İranın ən böyük iqtisadi tərəfdaşlarından birinə çevrilib. Sanksiyalar səbəbindən Qərb şirkətləri bazardan uzaqlaşdıqca, boşluğu Çin doldurub. Ancaq ABŞ-İran razılaşması bu balansı dəyişə bilər. Memoranduma əsasən, İranın bəzi dondurulmuş aktivlərinin azad olunması, limanlara tətbiq olunan məhdudiyyətlərin yumşaldılması və yeni danışıqlar prosesinin başlaması nəzərdə tutulur. Bu isə Qərb şirkətlərinin yenidən İran bazarına qayıtması ehtimalını artırır.
Çin nüfuzunu itirə bilər?
Pekin Universitetinin professoru Syu Minçji hesab edir ki, bu risk mövcuddur, amma şişirdilməməlidir. Onun sözlərinə görə, Çin-İran münasibətləri yalnız sanksiyalar üzərində qurulmayıb.
“Çinin üstünlüyü təkcə İran neftini alması deyil. Çin böyük bazardır, maliyyə imkanlarına malikdir, infrastruktur layihələrini maliyyələşdirə bilir və uzunmüddətli əməkdaşlıq təklif edir”, – deyə professor bildirib.
Ekspert hesab edir ki, hətta Qərb şirkətləri İran bazarına qayıtsa belə, siyasi risklər və mümkün yeni sanksiyalar səbəbindən ehtiyatlı davranacaqlar.
Ucuz İran nefti dövrü bitir?
İranın dünya bazarlarına daha sərbəst çıxışı Çin üçün bir mənfi nəticə də yarada bilər. İndiyədək Pekin İran neftini böyük endirimlərlə alırdı. Yeni şəraitdə isə İranın alıcıları artdıqca bu endirimlər azalacaq. Lakin çinli ekspertlər hesab edirlər ki, qiymətdən daha vacib məsələ sabitlikdir. Çin üçün enerji təchizatının fasiləsiz və təhlükəsiz olması bəzən ucuz neftdən daha böyük əhəmiyyət daşıyır.
Yeni İpək Yolunda İranın rolu artır
Mütəxəssislər hesab edir ki, İranın qlobal iqtisadi sistemə qayıtması Pekinin “Bir Kəmər, Bir Yol” layihəsinə də müsbət təsir göstərə bilər. Bununla belə, Çin şirkətləri hələlik ehtiyatlı davranacaq. Ən real ssenari limanlar, dəmir yolları, logistika mərkəzləri, enerji infrastrukturu və sənaye zonalarına yönələn seçilmiş investisiyaların artmasıdır.
Qısacası, ABŞ-İran razılaşması ilk baxışda Vaşinqton və Tehran arasında əldə olunmuş diplomatik uğur kimi görünür. Lakin prosesin ən diqqətli izləyicilərindən biri Pekindir. Çin üçün ideal variant nə tam təcrid olunmuş İran, nə də tam Qərbə inteqrasiya olunmuş İrandır. Pekin daha çox iqtisadi baxımdan açıq, lakin strateji olaraq özünə yaxın qalan İran modelinə üstünlük verir. Bu səbəbdən İslamabad memorandumunun taleyi təkcə ABŞ və İran münasibətlərinin deyil, həm də Çinin Yaxın Şərqdəki gələcək mövqeyinin müəyyənləşməsində həlledici rol oynaya bilər.
Amir Aqiloğlu













