Səməd Vurğunun “Kitabsız bir ömrün nə mənası var?” və Mirzə Ələkbər Sabirin “Kitab sənin ilk dostundur” sözləri kitabların həyatımızdakı əvəzsiz rolunu bir daha təsdiqləyir. Kitablar yalnız məlumat mənbəyi deyil, eyni zamanda da insanın düşüncə dünyasını zənginləşdirən, ruhunu qidalandıran və ona yeni dünyalar kəşf etməyə imkan verən bir dostdur. Həyatın müxtəlif dövrlərində kitablar bizə bələdçi, yoldaş olub və həm də həyatın mənasını axtararkən ən yaxın dostumuzu xatırladır.
Yenicag.az xəbər verir ki, bu gün paytaxtın 161 nömrəli tam orta məktəbinin direktoru Rəna Hüseynova müəllim heyəti ilə birlikdə 9-cu, 10-cu və 11-ci sinif şagirdlərinin iştirakı ilə Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasına ekskursiya təşkil ediblər.
Qeyd edək ki, məktəbin laboratoriya rəhbəri Xuraman Qəmbərova tərəfindən təşkil olunan bu ekskursiya kitablarla tanışlıqla yanaşı, həm də bir mədəniyyət dərsi olub.
Ekskursiya çərçivəsində Səbail rayon MKS-nin direktoru Nərmin Xəlilova kitabların insanın həyatında nə qədər böyük bir yer tutduğunu vurğulayıb. Məktəbin direktoru Rəna Hüseynova isə öz oxuduğu kitablar haqqında şagirdlərlə təəssüratlarını paylaşaraq, onlara bir az da olsa, kitab sevgisini aşılayıb. “Kitab bir dünyadır” deyən direktor 161 nömrəli məktəbin şagirdlərinə bu dünyanın qapılarını açmaq üçün bir fürsət yaradaraq, kitabın yalnız məlumat mənbəyi deyil, həm də düşüncə dünyamızı zənginləşdirən bir vasitə olduğunu göstərib.
Xidmət şöbəsinin müdiri Günel Babayeva isə kitabxana və ondan istifadə qaydaları ilə bağlı şagirdləri məlumatlandırıb. Həmçinin şagirdlərə kitabların necə mühafizə edilməsi və onlarla necə düzgün davranılması barədə video təqdim olunub.
Kitablarla bağlı maraqlı videosüjetlərdən birində dünyanın ən kiçik və ən böyük kitabları təqdim olunub. Kitablarla düzgün münasibət və onların qorunması ilə bağlı olan məlumat isə şagirdlərin marağını daha da artırıb. Daha sonra məktəb heyəti kitabxananın oxu zalında olmuş və burada kitablarla tanış olublar.
Bildirilib ki, Səbail rayon MKS-nin mərkəzi kitabxanasında uşaqlar üçün xüsusi otaqlar mövcuddur ki, burada kiçiklər asudə vaxtlarını keçirə bilərlər. Kitabxanada hər yaşdan oxucuların olması kitabların və biliklərin hər kəsə açıq və əlçatan olduğunu göstərir. Yaşlıdan tutmuş balacaya qədər hər kəsin burada öz ehtiyaclarına uyğun kitablar tapması isə kitabxananın çox geniş bir rol oynadığını təsdiqləyir.
Bundan əlavə, ekskursiya çərçivəsində məktəbin adından Səbail rayon Mərkəzləşdirilmiş Kitabxanasının direktoru Nərmin Xəlilovaya şəhid polkovnik-leytenant Vidadi Xəlilovun portreti hədiyyə edilib. Diqqətə çatdırılıb ki, bu hədiyyə yalnız bir xatirə deyil, həm də vətənpərvərlik və qəhrəmanlıq ruhunun simvolu olaraq təqdim olunub.
Ekskursiya zamanı Novruz bayramı ərəfəsində olduğumuz üçün məktəb heyəti ənənəvi Novruz şirniyyatları olan qoğal, paxlava və şəkərbura gətirərək bayram təamlarını uşaqlarla bölüşüblər. Bayram ruhunu yaşatmaq üçün müəllim və şagirdlər yumurta döyüşü də keçiriblər. Sonda xatirə şəkili çəkdirilib.
Xatırladaq ki, Xuraman Qəmbərova və Səbail rayon Mərkəzi Kitabxanasının direktoru Nərmin Xəlilova həm də şəhid xanımlarıdır. Onların vətənə xidmətləri həm də gənclərə kitab sevgisini aşılamaqda göstərdikləri əvəzsiz səylər böyük dəyər daşıyır. Bu cür təşəbbüslər isə gənclərin həm vətənpərvərlik ruhunu inkişaf etdirir, həm də onlara kitabların insan həyatındakı əvəzolunmaz rolunu bir daha xatırladır.
Məsimə Məmmədova
Samir Məcidov
www.yenicag.az