!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

20 evlik kəndin 8 qazisi, 1 şəhidi var – Amma məktəbi, suyu, torpaq sahəsi... yoxdur - VİDEO

!Reklam – Yazi

Şəhid Elşən Sultanlı olmasaydı, Yardımlının Teşkan adlı kəndinin olmasından bəlkə, bundan da sonra uzun müddət xəbərim olmayacaqdı.

Teşkan gözdən-könüldən uzaq – Lerikin iki kəndi arasında dalana dirənərək öz cansıxıcı həyatını yaşayan kiçik bir yaşayış məntəqəsidir. Hər tərəfdən meşənin əhatəsində olması kəndə füsunkar gözəllik verə bilərdi, amma təqribən 20 evlik bu kəndin illər uzunu susuzluqdan əziyyət çəkməsi ətrafdakı bütün gözəlliyi adamın gözündən salır.

Həyətlərdəki ağaclar kimi meşənin də təravəti solub. Kəndin susuz qalması bu ilin çox quraqlıq keçməsi ilə bağlı deyil. Ətrafda kəndə çəkib gətirmək üçün gur sulu bir dənə də olsun çeşmə yoxdur. Heç olmasa şəhidin xətrinə kənddə bircə artezian quyu qazılsa çox savab bir iş olar. Başqa bir çətinlik isə əsasən heyvandarlıqla məşğul olan kəndin demək olar ki, biçənək sahəsinin olmamasıdır. Kəndin içindəki və bir az da ətrafındakı talalardan başqa heyvanların qış üçün yem tədarükü məsələsi ancaq kənardan pulla almaqla təmin edilir.

Kəndin camaatının hamısı belə çətin şəraitdə, maddi çətinliklərlə yaşayır. Şəhid atası Nazimin evi həəta bu kasıb evlərin içərisində də öz köhnəliyi, balacalığı, şəraitsizliyilə seçilir. Bu, son vaxtlar rast gəldiyim bəlkə də ən kasıb ev təəssüratı yaratdı məndə. Hətta utandığımdan iki otaq və bir eyvandan ibarət olan evin içərisinin miskin vəziyyətini çəkmədim.

Bir müddət əvvəl haqqında yazı yazdığım 18 yaşlı, amma şir ürəkli, vətənpərvərliyi ilə əsgər yoldaşları arasında ad çıxaran Elşən bu kasıb daxmada bu hissləri necə vücudunda cəmləşdirə bilmişdi? Utanmalı, sıxılmalı olan bu gəncə Vətənini bu qədər sevdirən hansı qüvvə olmuşdu? Elşənin şəhadəti təkcə bu kəndi tanıtdırmadı; şəhidlərin əksəriyyətinin məhz belə kasıb komalardan pərvazlanıb, bu, artıq hamıya bəllidir. Amma əksər yerlərdən fərqli olaraq, bu şəhid ailəsinə demək olar ki, heç bir qayğı, diqqət yoxdur.

Heç olmasa indi belə ailələri xüsusi nəzarətə götürməyin vaxtı deyilmi? Və ya bu kasıb ailəni heç olmasa kənddəki kiçik, ibtidai məktəbə ciyərparələri şəhid Elşənin adını verməklə sevindirmək olmasdımı. İndiyə qədər etdikləri müraciətlərin heç bir nəticəsi olmayıb. Görəsən, bu niyə müşkülə çevrilib? Hansı qanundur buna icazə verməyən? Guya, belə bir qanun varmış ki, məktəbə və ya hansısa idarəyə şəhid adının verilməsi üçün, o, ən azından gizir olmalıdır. İndi kənd iraq olsun, ən azından gizir olan yeni şəhidini gözləməlidir ki, bu balaca məktəbə ondan sonra ad verilsin?

Axı, bu kənddə yaxın gələcəkdə nəinki zabit, heç gizir də yetişməyəcək. Çünki dördillik ibtidai məktəbi qurtaran şagirdlərin uzaq və qorxulu 10 kilometrdən çox yolları keçərək Separadi kənd məktəbinə getmələri mümkünsüzdür. Uşaqların adı gedə bilər, ancaq 5-ci sinif şagirdi olan balaca bir uşağın bu qədər yolu gedib-gəlməsi necə mümkün ola bilər?

Kim inanmırsa gedib öz gözləri ilə görsün. Onsuz da işsiz-gücsüz valideynlərin də bu işi görmələri qeyri-mümkündür. Yardımlının sərt qışını, yağıntılı yaz-payızını da nəzərə alsaq, mənzərə göz önündədir. Ona görə valideynlərin yeganə arzusu kənddə heç olmasa 8-9-cu siniflərə qədər məktəbin olmasıdır. Bu il kənddəki ibtidai məktəbin I-IV siniflərində 16 uşaq oxuyacaq. Qalan siniflər üzrə isə kənar məktəbə 19 şagird getməlidir ki, onlardan da 10 nəfəri qız uşağıdır.

Məsələ ondadır ki, bu kəndin gəncləri çox cəsarətli və vətənpərvərdirlər. Bəlkə də bu kənd son 44 günlük müharibədə ev sayı nisbətini nəzərə alsaq, ən çox müharibə iştirakçısı olan kənddir. İyirmi evdən 9 müharibə iştirakçısı var ki, bunlardan da biri şəhid Elşən Sultanlıdır. Elşənin məzarı ilə evlərinin arası cəmi 30-40 metr olar. İki müharibə iştirakçısı yanaşı uyuyur. Baba və nəvə. Baba Böyük Vətən Müharibəsində əvvəldən axıra qədər qəhrəmanlıqla döyüşərək əlil kimi qayıtmış və nəvələrinə də qəhrəmanlıq dərsi vermişdi. 40 yaşlı şəhid ata və anası hər evdən çıxanda birinci gözləri bu iki məzara dikilir. Bütün kənd camaatı aidiyyəti qurumlardan xahiş edir ki, övladının toyunu görməyən, 40 yaşında qəddi əyilən şəhid anasının xahişini eşitsinlər.
Biz də xahiş edirik ki, bunu onlara çox görməyin, bu kiçik məktəbə şəhid Elşən Sultanlının adının verilməsində yardımçı olun./Baku Post/

www.yenicag.az

1181
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv