!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

2016-cı ildə Azərbaycan və dünya mədəniyyətinin itirdiyi məşhurlar – SİYAHI

!Reklam – Yazi

2016-foto2016-cı ildə Azərbaycan və dünya ədəbi-mədəni həyatında qazanılan uğurlarla yanaşı, itirilən dəyərli imzalar da az olmayıb. Yenicag.az APA-ya istinadən xəbər verir ki, yola salmağa hazırlaşdığımız 2016-cı ilin sonuna sayılı günlər qalıb. Bu il Azərbaycan və dünya mədəniyyətindən kimləri aldı? İtirdiklərimizi xatırlayırıq…

9 Yanvar. Azərbaycanın xalq şairi Zəlimxan Yaqub dünyasını dəyişib. Xalq şairi uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. O, 1950-ci il yanvarın 21-də Bolnisi rayonunun Kəpənəkçi kəndində dünyaya gəlib. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. 2008-ci il avqustun 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib. Z. Yaqub I Fəxri xiyabanda dəfn olunub.

Yanvarın 29-da xalq artisti Musa Mirzəyev vəfat edib. 82 yaşlı bəstəkar mikroinsult diaqnozu ilə müalicə olunurdu. M. Mirzəyev 1933-cü ildə Bakıda anadan olub. O, kamera orkestri üçün “Polifonik simfoniya”, skripka və piano üçün “Romantik poema”, piano üçün “Qəmli melodiya” və başqa əsərlərin müəllifidir. Bəstəkar “Şöhrət” ordeninə layiq görülüb və prezident təqaüdçüsü olub. M. Mirzəyev II Fəxri Xiyabanda dəfn olunub.

Fevralın 15-də tənqidçi və publisist Gülrux Əlibəyli vəfat edib. G. Əlibəyli 1964-1965-ci illərdə mədəniyyət nazirinin müavini olub və nazirin səlahiyyətlərini icra edib. O, “Axtarışlar, tapıntılar”, “Daim yolda”, “Düşünən dünyamız”, “Çırpınan dünyamız”, “Dəyiş dünyamız”, “Dağılan dünyamız” kimi kitabların müəllifidir. G. Əlibəyli Yasamal qəbiristanlığında dəfn edilib.

25 fevral. Azərbaycanın xalq artisti İlhamə Quliyeva vəfat edib. Xalq artisti 17 avqust 1943-cü ildə Bakıda anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (“Azkonsert”) solisti olub. Müğənni Tükəzban İsmayılovanın qızıdır. İ. Quliyeva II Fəxri xiyabanda dəfn olunub.

Martın 7-də aktyor-rejissor Arif Qasımov dünyasını dəyişib. A. Qasımov 1950-ci ildə anadan olub. Azərbaycan Dövlət Televiziyasının “Uşaq və gənclər” redaksiyasında çalışıb. O, “Milli bomba”, “İstanbul reysi”, “Yerlə göy arasında” və başqa filmlərdə müxtəlif obrazlar yaradıb.

Martın 8-də rejissor Fikrət Əliyev vəfat edib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Rejissorluğa “Baladadaşın ilk məhəbbəti” filmi ilə başlayan F. Əliyev “Qızıl uçurum”, “Yuxu”, “Axırıncı dayanacaq” kimi filmlər çəkib. Rejissor Əmircan qəbiristanlığında torpağa tapşırılıb.

Martın 22-də xalq yazıçısı Maqsud İbrahimbəyov uzun sürən ürək xəstəliyindən sonra 81 yaşında vəfat edib. Nasir, kinodramaturq, rejissor Maqsud İbrahimbəyov 1935-ci il mayın 11-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Azərbaycan Respublikasının xalq yazıçısı (1998), Milli Məclisin deputatı (1995, 2000, 2005), Azərbaycan Respublikası Əsilzadələr Məclisinin sədri olub. “Şöhrət” (1995) və “İstiqlal” (2005) ordenləri ilə təltif edilib. “Qəza”, “Bir az da sevinc”, “Eşitmədiyim mahnı”, “Qoy o bizimlə qalsın” və s. kitabları Moskva nəşriyyatlarında kütləvi tirajla buraxılıb.

9 aprel. Ədəbiyyatşünas alim, professor İmamverdi Əbilov 89 yaşında dünyasını dəyişib. İ. Əbilov 1927-ci ildə Neftçala rayonunun Qoltuq kəndində anadan olub. 1955-ci ilə qədər pedaqoji fəaliyyətlə yanaşı, Neftçala Rayon Partiya Komitəsinin 2-ci katibi vəzifəsində çalışıb. 800-dən artıq məqaləsi dərc olunub. İ. Əbilov “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın atasıdır.

Mayın 4-də xalq şairi Söhrab Tahir vəfat edib. Söhrab Tahir 1926-ci il avqustun 6-da İranın Astara şəhərində sənətkar ailəsində doğulub. 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb. 2010-cu ildə Rusiya Yazıçılar İttifaqı və onun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən yazıçı-tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq V.V.Mayakovski ordeni ilə təltif edilib.

Sentyabrın 19-da rejissor Ələkbər Kazımovski dünyasını dəyişib. O, aktrisa Nahidə Orucovanın Bakıdakı restoranlardan birində keçirilən 55 illik yubiley tədbiri zamanı ürək tutmasından vəfat edib. Ələkbər Kazımovski “Tənha durna uçuşu”, “Sonuncu məhəbbət”, “Şirin bülbül” və s. filmlərin müəllifi idi. Rejissor Rauf Kazımovskinin oğludur.

Noyabrın 16-da şair Fikrət Sadıq vəfat edib. Şair 86 yaşında dünyasını dəyişib.

Sadıqov Fikrət Abbas oğlu 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olub. 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1986), Azərbaycan Dövlət mükafatı laureatı (1990), Prezidentin fərdi təqaüdçüsü idi.

19 noyabr. Azərbaycan xalq artisti, dirijor Nəriman Əzimov dünyasını dəyişib. 80 yaşlı N.Əzimov uzun sürən xəstəlikdən sonra ürək çatışmazlığından Bakıda dünyasını dəyişib. Prezident təqaüdçüsü olan Nəriman Əzimov uzun müddət Səid Rüstəmov adına Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb. O, 1991-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülüb. Gəncədə dəfn olunub.

11 dekabr. Əməkdar rəssam İsmayıl Məmmədov dünyasını dəyişib. Rəssam 1948-ci il mart ayının 31-də Bakıda doğulub. İlya Repin adına Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirib. 1998-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş rəssamı olub. İsmayıl Məmmədova 30 may 2002-ci ildə “Azərbaycan Respublikasının əməkdar rəssamı” fəxri adı verilib.

Bu il dünyasını dəyişənlər arasında əcnəbi məşhurlar da var.

20 fevral. İtaliyanın dünya şöhrətli yazıçı-mütəfəkkiri və filosofu Umberto Eko 84 yaşında vəfat edib. U.Eko “Qızılgülün adı” (1980), “Fukonun kəfkiri” (1988), “Bir gün əvvəlki ada” (1994) və digər məşhur əsərlərin müəllifidir. Yazıçının son romanı “Sıfır sayı” 2015-ci ildə işıq üzü görüb. Umberto Eko 1932-ci il yanvarın 5-də İtaliyanın Alessandriya şəhərində anadan olub. Müxtəlif vaxtlarda tarix və jurnalistika ilə məşğul olub. O, fransız Fəxri Legion Ordeninin kavaleri və bir çox mükafatların sahibi olub.

Martın 31-də məşhur qadın memar Zaha Hadid 65 yaşında Mayamidə vəfat edib. İraq əsilli Z. Hadid bronxitdən müalicə aldığı Mayami hospitalında ürək tutmasından dünyasını dəyişib. Xanım memar dünyaca məşhur bir sıra kompleksin, o cümlədən 2012-ci ildə London Olimpiya Oyunlarının keçirildiyi binalardan biri olan London Su İdman Növləri Mərkəzinin və Bakıdakı Heydər Əliyev Mərkəzinin memarı olub.

5 iyul. Məşhur İran rejissoru Abbas Kiarostami dünyasını dəyişib. 76 yaşlı rejissor Parisdə vəfat edib. Abbas Kiarostami 1940-cı ildə Tehranda doğulub. 1970-ci ildən rejissor karyerasına başlayıb və 40-dan çox film çəkib. A. Kirostami 1997-ci ildə “Albalı dadı” filminə görə Kann kinofestivalında “Qızıl palma budağı”na layiq görülüb. Onun “Albalı dadı”, “Dostumun evi haradadır”, “Zeytun ağacları altında” və s filmləri İran kino tarixinin ən yaxşı filmləri hesab olunur. A. Kiarostami 1979-cu ildə İslam inqilabından sonra Qərbə mühacirətə getməyən azsaylı kino xadimlərindən biri idi.

16 sentyabr. Türk kinosunun əfsanəvi aktyoru Tarık Akan vəfat edib. Aktyor İstanbulda müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 66 yaşlı aktyor xərçəng xəstəliyindən əziyyət çəkirdi. Əsl adı Tahsin Tarık Üregil olan aktyor 13 dekabr 1949-cu ildə İstanbulda anadan olub. T. Akan “Qızıl Portağal” Film Festivalında yeddi mükafat alan yeganə kişi aktyordur. Aktyor “Hababam sinifi”, “Səninlə son dəfə”, “Yol”, “Acı dünya”, “Bizim ailə” və s filmlərdə müxtəlif dərəcəli rollar yaradıb.

3 noyabr. Dünya şöhrətli kloun, SSRİ xalq artisti Oleq Popov 87 yaşında vəfat edib.

O.Popov Rostov şəhərində qastrolda olarkən vəfat edib. Qeyri-rəsmi məlumatlara əsasən, onun qəflətən ürəyi dayanıb. O. Popov 31 iyul 1930-cu ildə Moskva ətrafında anadan olub. 1991-ci ildən etibarən Almaniyada yaşayıb və işləyirdi. 2015-ci ilin iyununda 24 ildən sonra ilk dəfə Rusiyaya səfər etmişdi və Rostov şəhərində vəfat edib.

Yenicag.az

COP29

www.yenicag.az

784
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv