Trampın “vasitəçilik” missiyası İFLAS ETDİ: “Rusiya zamanla zəifləyəcək, İstanbul görüşü masada”
“Rusiya zəifləyir, Ukrayna güclənir…”
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
Politoloq Amerikanın bundan sonra Rusiya-Ukrayna müharibəsində hansı mövqedə duracağı haqqında fikirlərini səsləndirib:
“ABŞ əvvəldən Rusiya-Ukrayna müharibəsində vasitəçi olmayıb, tərəf kimi özünü göstərib. Tramp gəldikdən sonra vasitəçilik etmək istəsə də, bu vasitəçilik heç bir müsbət nəticə vermədi. Nəticədə, Böyük Britaniya, Aİ daha da gücləndi, Ukrayna döyüş qabiliyyətini artırdı, Rusiya isə əksinə, öz şərtlərindən geri çəkilmədi. G7 zirvəsində Tramp Qərb liderləri ilə eyni sənədə imza atmalı oldu. ABŞ bundan sonra vasitəçi ola bilməz, Ukraynanın yanında olmalıdır. Düşünürəm ki, bu vəziyyəti müsbətə doğru dəyişə bilər, amma Rusiyanın bundan istifadə edib Çini öz yanına alması mümkündür. Çinin birbaşa Rusiyanın yanında Qərb koalisiyasına qarşı müharibədə iştirakı gözlənilir. Çin aktiv hərbi əməliyyatlardan çəkinir. Çin qoşularsa, Rusiyanın da dəstəyi qaçılmazdır. Hər bir halda Çin birbaşa hərbi əməliyyatlarda iştirak etməyəcək.”
Politoloq qeyd edib ki, hazırda Ukraynanın mövqeyi daha çox güclənib:
“Ukraynanın Rusiyaya nisbətən mövqeyi daha da güclənib. Ukrayna Rusiyaya dağıdıcı zərbələr endirir. Valday görüşündə də Lukaşenko sülh barədə Ukraynanın təklifini də müzakirəyə çıxarmışdı. Görünən odur ki, proseslər artıq Rusiyanın əleyhinə işləyir. Hesab edirəm ki, Rusiya zamanla zəifləyəcək, Ukraynanın mövqeləri isə əksinə güclənəcək. Bundan sonrakı prosesdə ABŞ və Avropa ölkələri Ukraynanın yanında olmağa davam edəcəklər.”
Politoloq sonda qeyd edib ki, Türkiyə növbəti görüş üçün tərəfləri İstanbul ya da Ankarada qəbul etməyə razı sala bilər.
Nurlan Cəfəri













