Lukaşenkonun kabusu gerçəkləşir: "Rusiya təzyiqləri artırsa, Belarus MƏCBURƏN SAVAŞA GİRƏCƏK"

media-hightechnic-468x90

“Rusiya təzyiqlərə davam etsə, Belarus müharibəyə qoşula bilər.”

media-banner_tkm

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Bəkir Həsənbəyli bildirib.

Politoloq Rusiya-Ukrayna müharibəsi fonunda Belarusun aktivliyi və Zelenski-Lukaşenko çəkişməsini şərh edib:

“Rusiya-Ukrayna münaqişəsinin coğrafiyasının genişlənməsi və tərəfdaş ölkələrin prosesə cəlb olunması məsələsi beynəlxalq müstəvidə daha çox müzakirə edilən mövzulardandır. Xüsusilə Kremlin logistik və hərbi-sənaye tərəfdaşı olan Belarus üzərindən Ukraynaya qarşı yeni cəbhənin açılması iddiaları regiondakı təhlükəsizlik balansına birbaşa təsir edən amil kimi dəyərləndirilir. Rəsmi Kiyev və Minsk arasında qarşılıqlı ittihamların və hərbi hədələrin fonunda Belarus rəhbərliyinin atacağı addımlar münaqişənin gələcək miqyasını müəyyənləşdirən əsas xətlərdən biridir. Rusiyanın Belarusu savaşa qatmağa nail olacağı təqdirdə Ukrayna üçün əlavə hərbi risklər yaransa da, burada əsas Lukaşenkonun mövqeyidir: Belarus müharibənin əvvəlindən Rusiyanın müttəfiqi kimi çıxış etsə də, ölkə prezidenti ölkəsinin bu savaşın birbaşa iştirakçısı olmadığını və olmaq niyyəti güdmədiyini dəfələrlə bəyan edib. Lakin son vaxtlar tərəflər arasında gərginlik artıb. Kiyev Belarusu öz müəssisələrində Rusiya hərbi sənaye kompleksi üçün silah komponentləri istehsal etməkdə suçlayır və xəbərdarlıq edir ki, bu fəaliyyət dayandırılmazsa, Belarusun hərbi obyektlərinə zərbələr endirilə bilər. Bu isə rəsmi Minskin tədricən müharibə relsinə doğru sürükləndiyini göstərir. Digər tərəfdən, Kremlin də Belarus ərazisindən Ukraynaya hərbi zərbələr endirmək üçün istifadə etmək məqsədilə rəsmi Minskə ciddi təzyiqlər etdiyi barədə məlumatlar var. Belarus rəhbərliyi hələlik bu təzyiqlərə müqavimət göstərməyə çalışır, çünki prosesin daxili və xarici risklərini yaxşı bilir. Lukaşenko anlayır ki, belə addım ölkəni ABŞ və Qərbin ən sərt sanksiyaları və təzyiqləri ilə üz-üzə qoyacaq. Müharibədən kənarda dayanmaqla Qərbin Belarusa yönəlik neqativ münasibətini pozitivə doğru dəyişməyə cəhd edir. Əgər Kreml bu hərbi niyyətlərində israr edərsə, Rusiya və Belarus arasında ziddiyyətlər qaçılmaz olacaq. Rəsmi Minsk Kremlin təzyiqlərinə tab gətirə bilmədiyi təqdirdə, onun savaşa qatılmaq məcburiyyətində qalması qətiyyən istisna deyil. Bu, hazırda ən aşağı ehtimallardan biridir. Belə bir ssenarinin reallaşması həm Ukrayna üçün ən neqativ variantlardan biridir, həm də Belarusu Qərbin birbaşa hədəfinə çevirə bilər.”

B. Həsənbəyli qeyd edib ki, 2022-ci ildəki ssenari təkrarlana bilər:

“2022-ci ildə müharibənin əvvəlində Rusiya ordusu Belarus ərazisindən Ukraynaya hücum edərək, Pripyat və Çerniqovdan keçərək iki istiqamətdən Kiyevə doğru irəlilədi. Ukrayna paytaxtından sərhədə qədər olan məsafə təxminən 100 kilometrdir. O dövrdə Rusiya ordusu şəhərin sərhədlərinə cəmi bir gündə çatmağı bacardı – bu, indi tamamilə qeyri-mümkün görünən bir nailiyyətdir. Rusiya Belarus ərazisindəki hərbi bazalardan və aerodromlardan istifadə etdi, ölkədən raket zərbələri endirdi və yaralıları yerli hərbi xəstəxanalarda yerləşdirdi. Lakin Belarus ordusu döyüşlərdə birbaşa iştirak etmədi. Ölkə ordusu təxminən 49.000 şəxsi heyətdən ibarətdir; müharibə zamanı onu 150.000-300.000 ehtiyatda olan əsgər gücləndirə bilər. Təxminən 6500 əsgər və çavuş müqaviləli əsgərdir, bəzi zabitlər müntəzəm olaraq ehtiyatdan çağırılır və silahlı qüvvələr əsasən modernləşdirilmiş Sovet dövrü texnikası ilə təchiz olunub.”

Politoloq qeyd edib ki, Belarus xalqının mütləq əksəriyyəti sülh tərəfdarıdır və ölkəsinin müharibəyə qoşulmasını istəmir:

“Ukraynaya qarşı bu cür qüvvələrlə hücum əməliyyatları aparmaq ehtimalı azdır. Keçirilən sorğularda ölkə əhalisinin təxminən 27%-i Rusiya qoşunlarının Ukraynadakı hərəkətlərini dəstəkləyir, 34%-i isə onlara qarşı çıxır. Təxminən 70%-i sülh danışıqlarını dəstəkləyir. Bu cür fikirlərlə çağırışçı ordunun xarici torpaqlarda müharibəyə hazır olması ehtimalı azdır və əksər ekspertlər Minskin təkbaşına hərbi əməliyyatlara girməyəcəyinə inanırlar. Daha real variant Belarusun yenidən Rusiya hərbi hücumu üçün ərazi açmasıdır. Lakin hələlik belə bir hücuma hazırlıq barədə müstəqil təsdiq yoxdur.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05