2026-cı ildə ABŞ və İranı gözləyən YENİ MÜHARİBƏ – Tramp rəsmi Tehranı Yaxın Şərqdən necə silməyi düşünür?
Donald Tramp ABŞ prezidentliyinə qayıtdıqdan sonra, 2025-ci ildə İrana qarşı daha sərt bir siyasət həyata keçirildi. Trampın “maksimum təzyiq” strategiyası yenidən və daha güclü şəkildə tətbiq edilməyə başlandı. Bu siyasət İrana qarşı iqtisadi, diplomatik və hərbi sahələrdə genişmiqyaslı tədbirləri əhatə etdi.
İranın Nüvə fəaliyyəti bombalandı
ABŞ-ın 2025-ci ildəki məqsədi İranın nüvə silahları istehsalını tamamilə dayandırmaq idi. Donald Tramp ilk aylarda yeni bir milli təhlükəsizlik memorandumu imzaladı. Bu memorandumun əsas hədəfləri bunlar idi:
– İranın nüvə və qitələrarası ballistik raket imkanlarını məhdudlaşdırmaq.
– Terrorçu qruplarla İranın əlaqələrinə son qoymaq.
– İranın asimmetrik hərbi gücünü zərərsizləşdirmək.
Bu hədəflərə çatmaq üçün ABŞ iqtisadi və siyasi sahələrdə çox yönlü sanksiyalar tətbiq etdi. Birləşmiş Millətlər Təşkilatı (BMT) vasitəsilə əvvəlki sanksiyalar yenidən qüvvəyə minmiş və İranın neft ixracını sıfıra endirmək məqsədilə yeni tədbirlər görüldü.
2025-ci ildə İran və İsrail arasında baş verən böyük hərbi toqquşmalar İrana ciddi itkilər verdi. İsrail, İranın nüvə obyektləri, komandanlıq mərkəzləri və ballistik raketlərə aid bazalarına zərbələr endirdi. Bu döyüş zamanı İranın rəhbər mühəndisləri və nüvə proqramında çalışan əsas şəxsləri hədəfə alındı. ABŞ və İsrailin birgə hərbi əməliyyatı çərçivəsində İranın əsas texnoloji və hərbi infrastrukturu məhv edildi.
İran Hakimiyyətində daxili gərginliklər
Bu hərbi sarsıntı, İranın daxili siyasətində də qarşıdurmalar yaratdı. Prezident Mesud Pezeşkiyan və ölkənin sərt mövqeli qanadı arasındakı fikir ayrılıqları açıq şəkildə ortaya çıxdı. Hökumət daxilində bəzi dairələr müzakirə yolunu dəstəkləsə də, sərt siyasətçilər müzakirənin “təslimiyyət” kimi qiymətləndirilməsini müdafiə etdilər.
ABŞ sanksiyalarının təsiri ilə İran iqtisadiyyatı əhəmiyyətli dərəcədə zəiflədi. İran rialının məzənnəsi tarixi minimum səviyyələrə düşdü, ərzaq və yanacaq qiymətləri sürətlə artdı. Bu isə əhalidə narazılıqları daha da artıraraq yeni bir narazılıq dalğası ehtimalını gücləndirdi.
ABŞ-ın tətbiq etdiyi basqılar fonunda İran və Avropa arasındakı dolaylı müzakirələr bəzi təşəbbüslərə səbəb olsa da, ciddi irəliləyiş baş vermədi. İran uranın zənginləşdirilməsi prosesində hələ də təkid edir, ABŞ isə bu prosesin tam dayandırılmasını tələb edir. BMT vasitəsilə tətbiq olunan yenidən sanksiyalar İranı daha da təcrid etdi.
2025-ci ilin sonuna doğru Donald Trampın sərt İran siyasəti həm diplomatik, həm də hərbi sahədə ciddi təsir göstərdi. İran təcrid olunmuş vəziyyətdə qaldı, iqtisadi çətinliklər artır və nüvə məsələsində müzakirələrdən uzaq qalmağa davam edir. Bununla birlikdə, İran hələ də tam təslim olmur və birbaşa münaqişədən yayınmağa çalışır.
2026-cı ildə üçün İranın qarşısında üç potensial yol var:
1. Daha qızışan yeni müharibə dövrünə daxil olmaq.
2. İqtisadi çətinliklər səbəbilə daxili etirazların artması.
3. Qısa müddətli gərginliyi azaltmaq üçün yazılmamış bir “qarşılıqlı dondurma” strategiyası.
Yəni, Trampın maksimalist yanaşması ilə İranın “strateji səbir” siyasəti arasında mübarizə davam edir. Bu, 2026-cı ildə Yaxın Şərq və qlobal diplomatiyanın əsas diqqət nöqtəsi olaraq qalacaq.
Beynəlxalq ixtilaflar və Nüvə Razılaşması
2026-cı ildə İran üzərindəki beynəlxalq təzyiqlər daha da artacaq. ABŞ və Avropa ölkələri İranın nüvə fəaliyyətlərini məhdudlaşdırmaq üçün yeni sanksiyalar tətbiq edə bilər. İranla əvvəlki nüvə razılaşmasına dönüş ehtimalı, lakin daha sərt şərtlərlə, gündəmin əsas mövzularından olacaq. Buna baxmayaraq, Tehran, Çinin və Rusiyanın dəstəyilə həm müzakirələrdə güc nümayiş etdirməyə, həm də yeni texnoloji irəliləyişlərə çalışacaq.
Daxili gərginlik artacaq
Yuxarıda qeyd etdiyimiz kimi, iqtisadi embarqolar və savaşın iqtisadiyyata vurduğu zərbə səbəbindən İranda daxili narazılıqların şiddətlənməsi gözlənilir. Hökumət əleyhinə etirazların daha geniş miqyas alacağı və xüsusən gənclər arasında rejimə qarşı narazılığın artacağı ehtimal edilir. Bu etirazlar, İran hökumətinin daha sərt yanaşmalara yönəlməsinə səbəb ola bilər.
Savaşdan sonra İranın Yaxın Şərqdəki təsirini qorumaq cəhdləri davam edəcək. Xüsusilə Yəməndə Husilərlə olan ittifaqını gücləndirmək üçün yeni addımlar ata bilər. İranın bu strategiyası, Səudiyyə Ərəbistanı və İsrail ilə münasibətlərin daha gərginləşməsinə gətirib çıxara bilər. ABŞ-ın regiondakı müttəfiqləri İran təsirini yayındırmaq üçün əlavə tədbirlər görəcək.
Enerji bazarına təsirlər
Hazırda qeyri-sabit olan enerji bazarları, 2026-cı ildə də İranla bağlı qeyri-müəyyənlik səbəbindən gərgin qalacaq. Neft institutu olan OPEC-də İranın qərarlara təsir göstərə bilməsi, Qərb dövlətləri ilə daha böyük iqtisadi oyunların yaşanmasına yol aça bilər.
Rusiyanın və Çinin İran üzərindəki rolu
Tehran, ABŞ və Qərb ittifaqlarına qarşı balans yaratmaq məqsədilə Rusiyadan və Çindən daha sıx siyasi və hərbi dəstək ala bilər. Çin-İran ticarət əlaqələri inkişaf etməkdə davam edəcək, lakin Çin İranın nüvə fəaliyyətlərinə dair ehtiyatlı olacaq. Rusiya isə İranla hərbi koordinasiyasını genişləndirməyə çalışacaq, xüsusən də silah tədarükü baxımından.
Texnologiya və müdafiə sahəsində irəliləyiş
İran, savaş zamanı üzləşdiyi dəqiq hərbi təhdidlərə cavab olaraq müdafiə sistemlərini daha müasir texnologiyalarla yeniləməyə başlayacaq. Ballistik raket inkişaf etdirmə proqramı 2026-cı ildə də mərkəzi mövzulardan biri olacaq.
Qısacası, “12 Günlük Savaş”ın təsiri yalnız 2025-ci illə məhdud qalmayacaq və 2026-cı il bu nəticələrin dərinləşdiyi bir dövr olacaq. İran beynəlxalq təzyiqlərlə üz-üzə qalmaqla yanaşı, daxildə də yeni çətinliklərlə mübarizə aparmalı olacaq. Bununla belə, Tehran özünün regional mövqeyini qorumaq və yeni siyasi və iqtisadi yollar tapmaq üçün mübarizəsini davam etdirəcək. Dünya isə İranın addımlarını diqqətlə izləyəcək, çünki 2026-cı il Yaxın Şərqdə yeni bir tarazlıq dövrünün başlanğıcı ola bilər.
Amir Aqiloğlu












