Bakıdan Şimali Kiprə geosiyasi manifest: “Bir millət, üç dövlət” - Aqil Ələsgər yazır

media-hightechnic-468x90

 

media-banner_tkm

 

 

Bakıda keçirilən Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Mədəniyyət Günləri sadəcə mədəni bir tədbir deyil, türk dünyasının gələcəyinə dair verilən güclü geosiyasi mesaj kimi tarixə düşdü. Xüsusilə Avropa İttifaqının son dövrlərdə bəzi türk dövlətlərini Cənubi Kipr Rum Administrasiyası ilə eyni siyasi xəttə yönəltməyə çalışdığı bir vaxtda, Azərbaycanın ŞKTC-yə qapılarını sonuna qədər açması strateji bir dönüş nöqtəsidir.

media-c85315f5-0743-4bbc-b765-fcf9df517c79

Bu səbəbdən Bakıda yaşananları yalnız mədəni hadisə kimi qiymətləndirmək mümkün deyil. Bu, Qarabağ Zəfərindən sonra formalaşan yeni türk geosiyasətinin açıq bəyanıdır.

“Bir millət, üç dövlət” – sadəcə şüar deyil, yeni strategiyadır

media-b88f18e4-ff16-42ae-9471-79c51ede54d5

Azərbaycanın ŞKTC-yə verdiyi dəstək artıq simvolik çərçivələri çoxdan aşıb. Uzun illər Şimali Kipr məsələsində ehtiyatlı siyasət yürüdən Bakı, Qarabağ Zəfərindən sonra regional gücünü və diplomatik özünəinamını yeni, daha qətiyyətli istiqamətlərə yönəldib. Məhz bəzi türk dövlətlərinin Aİ-nin təzyiqləri fonunda Rum administrasiyasına yaxınlaşdığı bir dövrdə, Azərbaycan fərqli bir yol seçdi. Bakı, Türk dünyasının ayrılmaz hissəsi olan ŞKTC-yə açıq dəstək verərək, yeni dövrün qaydalarını müəyyənləşdirir.

ŞKTC-nin Baş naziri Ünal Üstəlin Bakıda səsləndirdiyi fikirlər bunun ən aydın ifadəsidir: “Türkiyə, Azərbaycan və ŞKTC eyni millətin ayrılmaz parçalarıdır. Biz bunu bir cümlə ilə ifadə edirik: Bir millət, üç dövlət.” Bu sözlər sadəcə siyasi ritorika deyil, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” konsepsiyasının yeni geosiyasi şərtlər daxilində genişlənmiş formasıdır.

media-e64cb329-77b7-496e-bbfe-20b3a1c01826

Rauf Denktaşın arzusu gerçəkləşir

ŞKTC-nin qurucu Prezidenti, mərhum Rauf Denktaş ömrü boyu Azərbaycanla Şimali Kipr arasında sıx əlaqələrin qurulmasını arzulayırdı. Lakin Qarabağın işğal altında olduğu illərdə Bakının manevr imkanları məhdud idi. Bu gün isə mənzərə tamamilə dəyişib. Qarabağda qələbə qazanan Azərbaycan artıq regional güc kimi çıxış edir və Türk dünyasının ortaq məsələlərində təşəbbüsü ələ alır. Bakının bu dəstəyi, əslində, Denktaşın illər əvvəl qurduğu arzunun tarixi gerçəkləşməsidir.

media-44bf7aa2-34c4-4730-9b30-badd0b126a4e

Siyasi iradənin təzahürü

Azərbaycan-ŞKTC yaxınlaşması təsadüfi deyil; bu, planlı və mərhələli bir prosesdir. Prezident Ersin Tatarla qurulan siyasi dialoq, Antalya Diplomatiya Forumunda İlham Əliyev və Tufan Erhürman arasındakı görüşlə daha geniş müstəviyə daşındı. Ardınca Baş nazir Ünal Üstəlin Bakıda ən yüksək səviyyədə qəbul olunması, Azərbaycanın dəstəyinin konkret şəxslərə deyil, bütövlükdə Kipr türk xalqının gələcəyinə yönəlmiş strateji seçim olduğunu bir daha təsdiqlədi.

ŞKTC Türk dünyasının ayrılmaz hissəsidir

Baş nazir Ünal Üstəl Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) ŞKTC üçün əhəmiyyətini xüsusi vurğulayaraq bildirib: “ŞKTC Türk dünyasında layiq olduğu yeri hər keçən gün daha da möhkəmləndirir.” Bu prosesin arxasında Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin ortaya qoyduğu güclü siyasi iradə dayanır. ŞKTC-nin TDT-də müşahidəçi statusu qazanması və Bakıdakı Hökumət Başçıları Zirvəsinə dəvət olunması, Şimali Kiprin Türk dünyasına inteqrasiyasında tarixi dönüş nöqtəsidir.

media-3367e9fa-5f15-4257-bba2-abd315c15d0e

“Kiprdə iki ayrı dövlət var”

Ünal Üstəlin Bakıda dilə gətirdiyi “Kiprdə iki ayrı xalq, iki ayrı demokratiya və iki ayrı dövlət var” fikri, illərdir müdafiə olunan həqiqətin ən yüksək kürsüdən elanıdır. Bu açıqlamanın Bakıda verilməsi, Kipr türkünün haqlı mübarizəsinin artıq Türk dünyası tərəfindən birmənalı şəkildə dəstəkləndiyinin isbatıdır.

Çarter uçuşları ilə yeni dövr

Bakı təmaslarının konkret nəticələrindən biri də Azərbaycanla ŞKTC arasında birbaşa çarter uçuşlarının müzakirəsidir. Lazımi prosedurlar tamamlandıqdan sonra müntəzəm reyslərin başlaması təkcə turizm deyil, ticarət, təhsil və investisiya baxımından strateji sıçrayış olacaq. Müxtəlif məhdudiyyətlərlə üzləşən ŞKTC üçün Azərbaycandan açılacaq bu hava körpüsü tarixi hadisədir.

media-18dfed51-bd78-48d5-b80d-55cd8f03065c

Bakı yeni dövrün qapısını açdı

Bakının tarixi İçərişəhərində keçirilən Mədəniyyət Günləri zahirən sadə bir tədbir olsa da, əslində Türk dünyasının ortaq yaddaşını və gələcəyini ehtiva edən bir manifestdir. Türkiyənin ardınca Azərbaycanın da ŞKTC-yə sahib çıxması, yeni türk geosiyasətinin dönməzliyini göstərir.

Artıq məsələ yalnız “bir millət, iki dövlət” deyil. Bakıdan yüksələn bu yeni mesaj, Türk dünyasının gələcəyinə dair yeni vizyonun elanıdır: BİR MİLLƏT, ÜÇ DÖVLƏT.

Aqil Ələsgər

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05