"Azərbaycan bu gün müstəqillinə görə Heydər Əliyevə borcludur” - Deputat
“Azərbaycan bu gün müstəqillinə görə Heydər Əliyevə borcludur.”
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
Deputat Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsinin səbəblərini açıqlayıb:
“1993-cü ilin iyun ayında ölkədə çox gərgin vəziyyət yaranmışdı. Ölkə siyasi və iqtisadi kəskin böhran dövrü yaşayırdı. Xalq Cəbhəsi və Müsavatın səriştəsiz hakimiyyəti, eyni zaman siyasi qərar vermək bacarıqsızlığları və xəyanətkarlığı sayəsində Azərbaycanın müstəqilliyi əldən getmə ərəfəsində idi. Ölkədə qardaş qırğını baş vermişdi, böyük inamsızlıq hökm sürürdü. Belə bir situasiyada başda ziyalılar olmaqla Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevə üz tutdu. Onun siyasi hakimiyyətə gəlməsi üçün xaişlər, tələblər edildi və Ulu Öndərimiz Heydər Əliyev Azərbaycan xalqının səsinə səs verərək Bakıya gəldi. H. Əliyev ilk növbədə bütün siyasi və ictimai prosesləri öyrəndi. Daha sonra onun sayəsində qardaş qırğınının qarşısı alındı və ən nəhayət 1993-cü il iyun ayının 15-də Ali Sovetin sədri seçildi. H. Əliyevin bu vəzifəyə seçilməsi birmənalı olaraq Azərbaycan dövlətinin müstəqilliyini itirməsinin qarşısını aldı, xalqın gələcəyə inamını özünə qaytardı. Yalnız bundan sonra ölkədə sabitlik yarandı, qarşıdurmaların qarşısı alındı və bütün sahələrdə böyük proqramların həyata keçirilməsi prosesi baş verdi.”
Ulu Öndər Heydər Əliyevin gəlişindən sonra Azərbaycanın köklü dəyişikliklərə getdiyini bildirən A. Hüseynov sözünə belə davam edib:
Məhz Heydər Əliyev gəldikdən sonra ordu quruculuğu və ən başlıca olaraq Azərbaycanın daxili və xarici siyasəti müəyyənləşdi. Sonrakı mərhələdə Ulu Öndər Heydər Əliyev Azərbaycanın böyük iqtisadi və siyasi inkişafına nail oldu və Azərbaycan öz enerji resurslarını dünya bazarına çıxartması üçün Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəmərinin inşa olunmasına nail olaraq Azərbaycan tarixinə qızıl hərflərlə adını yazdırdı.”
Deputat qətiyyətlə bildirib ki, Azərbaycanın bu gün müstəqil olmasının səbəbi Heydər Əliyevdir:
“Məhz Heydər Əliyevin sayəsində Azərbaycanda demokratik seçkilərin keçirilməsinin bünövrəsi qoyuldu. Bütün bu proseslər Heydər Əliyevin siyasi hakimiyyətdə təmsil olunduqdan sonra Azərbaycan dövlətçiliyinin əsasını təşkil etmiş oldu. Biz bu gün ötən illərə nəzər saldıqda bir daha tam ürəklə deyə bilərik ki, Ulu Öndərimiz Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə gəlməsəydi bugünkü müstəqilliyimizdən heç bir söhbət gedə bilməzdi.”
Nurlan Cəfəri













