2026-cı ilin “nur topu” kimi QLOBAL PROBLEMLƏRİ: Artan müharibə riski, kəskinləşən hakimiyyətdaxili qarşıdurmalar, ortaq böhran…

media-hightechnic-468x90

2026-cı ildə dünya yeni qarşıdurmalara hazır olmalıdır. Yenicag.az-ın məlumatına görə, Avropanın önəmli düşüncə qurumlarından olan “Special Eurasia” tərəfindən yayımlanan iki geniş hesabat göstərib ki, 2026-cı ildə Orta Şərq və Orta Asiya üzdə sakit görünür, amma ciddi geosiyasi qarşıdurmaya doğru sürüklənir.

Klassik dövlətlərarası müharibələr artıq geridə qalıb; indi onların yerini dolayısı ilə aparılan münaqişələr (vəkalət savaşları-proxy war), enerji və digər resurslar uğrunda mübarizələr, həmçinin ölkələrin öz daxilində hakimiyyət uğrunda çəkişmələr alıb.

“Special Eurasia”nın “Middle East Geopolitical Risk 2026” və “Central Asia Geopolitical Risk 2026” hesabatlarında deyilir ki, bu iki region bir-birindən fərqli olsa da, hər ikisində eyni tip zəifliklər və həssas vəziyyətlər ortaya çıxır. Hesabatlara görə, Orta Şərqdə silah gücü ilə qorunan sülh proseslərinin tükənmə nöqtəsinə gəlməsi, Orta Asiyada isə struktur problemlərin üstünün örtülməsi, amma həll edilməməsi 2026-cı ili risklərin artdığı bir həssas keçid ili halına gətirir. Hesabatlardakı detallarsa bunlardır:

Orta Şərq parçalanmağa doğru…

Hesabata görə, 2025-ci ildə İsrail–İran toqquşması və Suriyada Əsəd rejiminin süqutundan sonra Orta Şərq açıq müharibə olmasa da, hər an poza bilən, “silahlı sülh” adlandırılan həssas bir vəziyyətə daxil olub. Dövlətlər arasında əvvəlki kimi birbaşa, klassik müharibələr əvəzinə indi daha çox başqaları vasitəsilə aparılan, şiddətli “vəkalət müharibələri” gedir. Suriyada prezident Əhməd əş-Şara rəhbərliyindəki keçid hökuməti, sərt xətt tərəfdarı olan “kölgə kabinet” və etnik qarşıdurmalar səbəbi ilə dövlət hakimiyyətini tam şəkildə bərqərar etməkdə çətinlik çəkir. Bu mühit isə ölkədəki terror təşkilatlarının güclənməsi üçün münbit zəmin yaradır.

İran ilə İsrail yeni müharibə riski ilə üz-üzə…

“Special Eurasia”ya görə, İran 2025-də İsraillə savaş və BMT sanksiyalarından sonra nüvə siyasətini dəyişib və indi nüvəni əsasən özünü qorumaq üçün nəzərdə tutduğunu göstərir. Hesabata görə, uranın zənginləşdirilmə səviyyəsinin 90 faiz həddinə qaldırılması, 2026-cı ilin ilk rübündə ikinci bir İsrail–İran qarşıdurması ehtimalını ciddi şəkildə artırır. Qəzzada isə 2025-ci ilin oktyabr atəşkəsinə baxmayaraq, İsrailin fasiləsiz davam edən aqressiv hücumları və bölgədə yaranmış idarəçilik boşluğu yerli qruplar arasında hakimiyyət uğrunda mübarizəyə yol açır. Körfəzdə Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı rəqabət Yəmən və Sudan üzərindən struktur xarakter daşıyan hegemonya savaşına çevrilmiş vəziyyətdədir.

Çin Orta Asiyada yüksəlir

Orta Asiya ilə bağlı hesabat göstərir ki, region 2026-cı ilə nisbətən sabit bir şəkildə girsə də, demoqrafiya, su idarəçiliyi və iqtisadi bərabərsizlik kimi problemlər həll olunmamış qalır. Qazaxıstan və Özbəkistanda mərkəzi hakimiyyət güclənərkən, Qırğızıstan və Tacikistanda daxili zəifliklər davam edir. Əfqanıstan mərkəzli DEAŞ–Xorasan təhdidi hələlik məhdud səviyyədə görünsə də, təşkilatın hərəkətlilik qazandığı vurğulanır. Rusiya bölgədə hərbi təhlükəsizlik təminatçısı rolunu qoruyub saxlayır, Çin isə infrastruktur və iqtisadi layihələr vasitəsilə təsirini artırır. Qərb aktorlarının mövcudluğu isə bu tarazlığı daha da mürəkkəbləşdirir.

Ortaq böhran mövsuzu: SU

Hər iki hesabat su qıtlığını 2026-cı ilin ən böyük qeyri-sabitlik mənbəyi kimi səciyyələndirir. İran, İordaniya və Orta Asiya hövzələrində su problemi artıq sadəcə inkişaf məsələsi deyil, milli təhlükəsizlik mövzusu halına gəlib. Orta Şərqdə Qırmızı dəniz, Bab əl-Məndəb və Hörmüz boğazı; Orta Asiyada isə su–enerji–qida balansı qlobal ticarət və sərmayə üçün əsas risk sahələri kimi ön plana çıxır.

“Yeni Çağ” Analitik Qrupu

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa