!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

3-cü Qarabağ müharibəsinə BAŞLAMAQ: “Milli iradənin hakim olduğu bir şəraitdə...” – Zəlimxan Məmmədli

!Reklam – Yazi

“Millət hayqırır, siyasilər ən müxtəlif platformalardan sözlərini deyir, ancaq bizi dinləyən yoxdur”.

Bu fikirləri Qarabağda yerləşdirilmiş Rusiya hərbi kontingentinin fəaliyyətsizliyi və ermənilərin yenidən silahlanması fonunda müharibənin qaçılmazlığı ehtimalını dəyərləndirən “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Zəlimxan Məmmədli qeyd edib ki, milli iradənin hakim olmadığı şəraitdə Azərbaycanın xeyrinə hər hansı iş görmək mümkün deyil:

“Bütün hallarda qeyd edilməlidir ki, müstəqillik, suverenlik başqa bir dövlətin ölkədə qoşunlarının olmamasından doğan nəticədir. Yəni bir ölkədə başqa bir dövlətin hər hansı ad altında hərbi qüvvəsi yerləşibsə, bu, suverenliyin pozulmasıdır.

Rusiya kimi işğalçı, ermənilərin dostu, Qarabağ problemini yaradan, onu körükləyən, Azərbaycanın inkişafını hər vəchlə əngəlləyən, onun sivil dünya ilə inteqrasiyasına mane olan, milli genefondumuza neqativ təsir göstərən siyasət yürüdən bir ölkənin qoşunlarının Azərbaycanda yerləşdirilməsi bizim hüquqlarımızın pozulması deməkdir.

Biz milli iradənin hakim olduğu dönəmdə Rusiyanın səksən minlik qoşununu Azərbaycandan çıxarmışıq, başqa vacib addımlar da atmışıq. Hakimiyyətdə kim olursa-olsun, milli iradənin hakim olmadığı şəraitdə Azərbaycanın xeyrinə hər hansı iş görmək mümkün deyil.

Bildiyiniz kimi, indi Ermənistan sülh müqaviləsinin imzalanması üçün “Dağlıq Qarabağ”ın statusunun tanınması şərtini irəli sürür. Bunun üzərində işlər aparılır. Sabah Xankəndidə separatçılar “müstəqilliklərinin 30 illiyi” ilə bağlı müxtəlif tədbirlər keçirməyi planlaşdırırlar. Eyni zamanda, orada “seçkilər” də təyin olunub.

Əslində, buna münasibət bildirilməlidir ki, Azərbaycanın bütövlüyünə, unitarlığına qəsd edilir, biz isə gərəkən tədbirləri görmürük. Millət hayqırır, siyasilər ən müxtəlif platformalardan sözlərini deyir, ancaq bizi dinləyən yoxdur. Amma bu millətin kitabını “oxumaq” lazımdır.

Millətin iradəsinə qalsa, Dağlıq Qarabağ adlı yara birdəfəlik kəsilib atılmalıdır. Unikal şansımız bundan ibarətdir ki, Azərbaycanın ətrafında artıq tam açıq mövqe ifadə edən Türkiyə və Pakistan kimi dövlətlər var. Əsas məsələ odur ki, ətrafımızdakı bu gücü doğru dəyərləndirib Rusiyaya qarşı dirənişimizi daha cəsarətli edək. Baxın, Ukrayna, Gürcüstan və Moldovanın belə dəstəyi olmasa da, onlar düşməni öz adı ilə çağırmaqdan çəkinmirlər.

O baxımdan, millətin iradəsi ortada olacaqsa, biz Azərbaycan bayrağını Xankəndidə mütləq qaldıracağıq. Bunun alternativ variantı yoxdur. Azərbaycanın suverenliyini qəbul edən ermənilər isə vətəndaş olaraq azad, sərbəst yaşamaq imkanı qazanacaqlar. Yenə deyirəm, o yara birdəfəlik kəsilib atılmalıdır”.

A.Zeynalov

www.yenicag.az

1161
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv