Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hakan Fidanın deputatlıq məsələsi ilə bağlı narazılığına aydınlıq gətirib. Paralel quruluşla mübarizə edilərkən Hakan Fidanın Milli Kəşfiyyat Təşkilatından (MIT) ayrılmasına qarşı olduğunu söyləyən Ərdoğan, “Özünə də “ayrılmağını doğru hesab etmirəm” dedim” ifadəsini işlədib.
Yenicag.az xəbər verir ki, “Tək qalsam belə, Paralel quruluş və bənzərləri mübarizəni sonuna qədər davam etdirəcəyəm” deyən prezident Ərdoğan “Yaxında beynəlxalq ictimaiyyəti sarsıdacaq məlumatlar ortaya çıxacaq. Çox maraqlı məqamlar var. Baxın, bu günlərdə 21 nəfərə qarşı bir əməliyyat keçirildi. Bu əməliyyat siyahısının başında kim var? Fətullah Gülən! Aşağı sıralarda isə həbs olunanların adları var. Artıq iş dərinləşməyə başlayıb. Dərinləşdikcə də başqa şeylər də ortaya çıxmağa başlayacaq. Türkiyədəki şəhər imamlarının adları açıqlandı və bunların hamısı qaçdı. Yaxında Gülənin ölkə imamlarının adları açıqlanacaq. Ölkə imamlarının adlarının açıqlanması ilə beynəlxalq ictimaiyyət çalxalanacaq” söyləyib.
Ailəsinə qarşı təhdidin davam etdiyini bildirən Ərdoğan “Özümə və ailəmə qarşı təhdidlər var. Mən öldürülməklə hədələnirəm. Ailəmə qarşı da bənzər təhdidlər var. Siz cangüdənlərinizə etibar edirsiniz. Ancaq onlar arasından da bəzən paralelçilər çıxa bilir”.
Gülən Şəbəkəsi ilə bağlı Türkiyə prezidenti fikrini belə yekunlaşdırıb: “Bəzi yazarlar bunların “Opus Dei” (İspaniyada ortaya çıxan Katolik təriqətlərindən) təriqətini xatırladan bir quruluş olduqlarını irəli sürürlər. Əslində daha çox ABŞ-dakı “Evangelist”lərin bəzi radikal ünsürlərinə bənzəyirlər. Bu orada (ABŞ) çox yaşamanın təsiri ilə də ola bilər. 1999-cu ildə Türkiyədən gedəndən sonra orada ona verilən vəzifə və tapşırıqlar da mühüm rol oynayıb”.
Yenicag.az
www.yenicag.az