38 yaşlı qadında indiyə qədər məlum olmayan qan qrupu aşkarlandı

media-hightechnic-468x90

Hindistanın cənubundakı Karnataka ştatında həkimlər pasiyentlərinin qanında daha əvvəl heç kimdə rast gəlinməyən yeni bir qan qrupu antigeni aşkarlayıblar.

Yenicag.az xəbər verir ki, bu barədə “The New Indian Express” qəzeti məlumat verib.

Nəşrin yazdığına görə, kəşf 38 yaşlı Kolara dairəsinin sakininin ürək əməliyyatına hazırlanması zamanı edilib. Qadında müəyyən edilən O Rh+ qan qrupu ən geniş yayılmış qruplardan biridir. Lakin O Rh+ qan qrupu ilə olan mövcud qan ehtiyatlarının heç biri ona mümkün qan köçürülməsi üçün uyğun olmayıb.

“Klinikamızın komandası qabaqcıl seroloji üsullardan istifadə edərək müəyyən etdi ki, onun qanı “pan-reaktivdir” – yəni bütün test nümunələri ilə uyğunsuzdur. Bu halın nadir və ya elmi cəhətdən hələ tanınmamış bir qan qrupu ola biləcəyini nəzərə alaraq, uyğun donor tapmaq üçün pasiyentin 20 ailə üzvündən qan nümunələri götürdük, lakin heç biri uyğun gəlmədi”, – deyə Kolara klinikasının cərrahı Ankit Matur bildirib. Əməliyyat qan köçürülməsinə ehtiyac olmadan uğurla həyata keçirilib.

Xəstəxana qadının qan nümunələrini Böyük Britaniyanın Bristol şəhərində yerləşən Beynəlxalq Qan Qrupları İstinad Laboratoriyasına (IBGRL) və Karnataka ştatının inzibati mərkəzi olan Banqalordakı Qan Mərkəzinə göndərib. Alimlər on ay ərzində molekulyar tədqiqatlar apararaq əvvəllər məlum olmayan yeni qan qrupu antigeninin kəşfini təsdiqləyiblər. Yeni antigenə rəsmi olaraq CRIB adı verilib. Kəşf 2025-ci ilin iyun ayında İtaliyanın Milan şəhərində keçirilmiş Beynəlxalq Qan Transfuziyası Cəmiyyətinin (ISBT) 35-ci regional konqresində təqdim olunub.

Banqalor Qan Mərkəzi Hindistanın Mumbay şəhərində yerləşən Tibbi Tədqiqatlar üzrə Hindistan Şurası ilə birlikdə nadir qan qruplarına sahib könüllü donorların reyestrini yaradıb. Gələcəkdə yeni aşkarlanmış CRIB qan qrupuna malik şəxslər tapılarsa, onların da bu reyestrə daxil ediləcəyi planlaşdırılır.

Bəzi immunoloqlar Hindistanda elmi cəhətdən indiyədək məlum olmayan bu qan qrupunun yaranmasını yaxın qohumlar arasında nikah ənənəsinin davam etməsi ilə əlaqələndirirlər./Azertag/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.07.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa