4 milyardlıq blok birləşdi – Dünyanın xəritəsi yenidən CIZILIR – İLGİNC DETALLAR
“ŞƏT-in bu toplantısı ABŞ və Avropa İttifaqının nüfuzuna təsir edən görüş oldu”.
Bu fikri Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) toplantısı və təşkilatın atdığı addımları Yenicag.az-a dəyərləndirən politoloq Yusif Bağırzadə səsləndirib.
Onun sözlərinə görə, baş verənlər Avropa İttifaqına qarşıdır:
“ŞƏT-in üç iclası keçiriləcək. Bunlardan birincisi, daimi üzvlər, ikincisi, müşahidəçilər, üçüncü tədbir isə Çinin Yaponiya üzərində qələbəsinə görədir. ABŞ prezidenti Donald Tramp qələbə bayramına gedəcəkdi. Maraqlı odur ki, bu tədbir gözlənildiyindən daha gözəl keçdi. Artıq dünən Tramp NATO, Avropa İttifaqının rəhbərləri ilə onlayn görüşlər keçirib və narahatlığını bildirib. ŞƏT üzvləri və təşkilatla əməkdaşlıq edən ölkələrə nəzər salsaq, bu 4 milyarda yaxın əhali deməkdir və bunlar çox ciddi rəqəmdir”.
“Trampın rüsum siyasətindən narazı olan dövlətlər bir bayraq altında birləşdi. Hindistan Baş naziri Çinə səfər etdi. Pakistan-Hindistan qarşıduramasında Çin-Pakistanı dəstəklədi. Ancaq Hindistan baş naziri Modinin 7 ildən sonra Çinə getməsi və iki dövlət başçısının görüşməsi o deməkdir ki, Hindistan da Çinin çətiri altına keçdi. Bu hadisə Çinin nüfuzunu beynəlxalq aləmdə qaldırır və Hindistanın nüfuzunu aşağı salır. Faktiki olaraq Hindistan Çin qarşıduramasında Çin qələbə çaldı”, – deyə o, əlavə edib.
Y. Bağırzadənin fikrincə, bizi maraqlandıran məsələ odur ki, Azərbaycan Prezidenti yüksək səviyyədə qəbul edildi:
“Azərbaycan ŞƏT-ə girmək üçün müraciət edib. Prezidentin yüksək səviyyədə qəbulu həm Çin-Azərbaycan, həm də ŞƏT-Azərbaycan münasibətlərinin göstəricisidir. Ermənistan Baş nazirinin Çinin dövlət başçısı və Rusiya prezidenti ilə görüşü baş tutdu. Putinlə Paşinyanın saatyarımlıq gərgin söhbəti baş tutub. Qazaxıstan yeganə dövlət oldu ki, Çin lideri qazaxıstanlı həmkarını yeməyə dəvət edib. Bu da Çin-Qazaxıstan münasibətlərinin əhəmiyyətini ortaya qoyur. Çin-Rusiya-Qazaxıstan formatı müəyyənləşir. Faktiki olaraq baş verənlər Avropa İttifaqına qarşıdır. Bu Orta Dəhliz amilinə təsir edəcək. ŞƏT-in bu toplantısı ABŞ və Avropa İttifaqının nüfuzuna təsir edən görüş oldu”.
Səxavət Məmməd