40 milyon avro Azərbaycandan necə çıxarılıb? – Sabiq MTN rəhbərliyinə bağlanan ƏMƏLİYYAT

2015-ci ildə on milyonlarla avronun ölkədən qanunsuz çıxarılmasına dair faktlar aşkar edilib.

Yenicag.az xəbər verir ki, Avropada məskunlaşmış araşdırmaçı-jurnalist Cavanşir Həsənli özünün “Facebook” səhifəsində 2015-ci ilin əvvəllərində (devalvasiya ərəfəsində) Azərbaycandan çıxarılmış təqribən 40 milyon avro vəsaitin “təyinat”ı haqda sənədləri yayımlayıb.

Jurnalistin hazırladığı həmin materialı təqdim edirik:

“40 milyon avronu ölkədən kim çıxarıb? Sizə iki oteli tanıtmaq istəyirəm. Almaniyada Hamburqun mərkəzində, Borgfelder küçəsi 1-9 ünvanındakı dördulduzlu möhtəşəm PARK HOTEL BERLİNER TOR və Hamburqun KIELER STR. 333 ünvanındakı üçulduzlu PARK HOTEL ARENA-nı.

Hər iki otel Xəlil Göyüşov adlı iş adamına məxsusdur. O, Azərbaycanda uzun illərdən bəri iri tenderlərdə qalib elan olunan, dövlət sifarişlərini həyata keçirən “Körpü-Bina Tikinti” MMC-yə rəhbərlik edir. Adı MTN işi ilə bağlı səs-küylü məhkəmədə Eldar Mahmudovun adamı kimi çəkilib.

2015-ci il devalvasiya ərəfəsində ölkədən azı 40 milyon avrodan artıq vəsait çıxarıb və 2014-cü ildə Hamburq ədliyyəsində qeydiyyatdan keçirdiyi AGO GMBH vasitəsilə bu otellərə yatırıb. Sənədlərdə də qeyd olunur ki, otel və səyahət xidmətlərini həyata keçirən AGO GMBH-nin 2015-ci ildə, yarandığı bir il müddətində aktivləri 36.8 milyon avro təşkil edib. Otellərin idarəçiliyini AGO PARK HOTEL BETRIEBS GMBH (aktivləri 420 min avro), AGO MANAGEMENT GMBH (157 min avro), AGO BETREIBERGESELLSCHAFT GMBH 826 min avro) üzərindən Xəlil Göyüşovun oğlu Ramiz Göyüşov idarə edir.

Deyə bilərsiniz ki, iş adamıdır, istəsə Almaniyada, hətta Amerikada da biznes qura bilər. Təbii, amma məsələ bu qədər vəsaitin bəyannaməsiz, qeydiyyatsız-filansız ölkədən necə çıxarılmasıdır. Hər halda ağla gələn variant keçmiş MTN rəhbərliyinin rolu ilə bağlıdır”.