Pandemiyadan sonrakı təhlükə: "Uşaqların immun sistemi zəifləyib, viruslar ağır keçir" - VİDEO
“Xəstəliyə səhlənkar yanaşma və ayaqüstə keçirmək virus infeksiyalarının pnevmoniya kimi ağır fəsadlara gətirib çıxarmasına səbəb olur.”
Yenicag.az xəbər verir ki, bunu Tibb elmləri doktoru, professor Adil Qeybulla açıqlamasında qeyd edib.

Professor bildirib ki, hazırda uşaqlar arasında yayılan virus influensa və sinsitial respirator virusdur:
“COVID-19 pandemiyasını törədən SARS-2 virusunun omikron ştamının mutasiya variantları, rinoviruslar bəzən davam edir və bütün bunlar hamısı ümumi qarışıq epidemioloji vəziyyət yaradır”.
Professorun sözlərinə görə, pandemiyadan sonra immun sistem zəiflədiyi üçün xəstəliklər daha ağır keçir. Uşaqlarda yayılan virus infeksiyaları da əsasən yuxarı tənəffüs yollarını zədələyir:
“İlk növbədə yuxarı tənəffüs yollarının katarı, iltihab əlamətləri müşahidə olunur: Burun tutulması, burun axması, asqırma, öskürmə, atəş, qızdırma, baş, boyun, bel ağrıları, ümumi intoksikasiya əlamətləri. Əgər xəstəlik zamanı uşaqlar yataq rejimində olmaz, bol maye qəbul etməz və lazımi qaydalara əməl etməzlərsə, virus aşağı tənəffüs yollarına keçə bilər. Bu, ağciyər iltihabı – pnevmoniya ilə nəticələnə bilər. Pnevmoniya isə ağciyər absesi, qanqrena, ödem və hətta ölüm riskini artıran ciddi xəstəlikdir”.
Adil Qeybulla bildirir ki, pnevmoniya diaqnozu qoyulmuş uşaqlar mütləq xəstəxanada nəzarət altında olmalıdır. Həmçinin, virus xəstəliklərində antibiotiklər yalnız bakterial infeksiya qoşulduqda və həkim təyinatı ilə istifadə olunmalıdır.
Sona Əliyeva
Səxavət Əliyev












